Saturday, 28 Nov 2020

İndiyədək çətin olan məsələlərin “ASAN” həlli

Ramil İskəndərli

Bildiyimiz kimi ASAN Xidmət mərkəzi Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmışdır. Bu günlərdə məlum oldu ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 15 yanvar 2013-cü il tarixindən mart ayının 17-nə kimi (60 gün) 32754 vətəndaş müraciət edərək xidmətlərdən yararlanıb. Mən əminəm ki, həmin vətəndaşların böyük əksəriyyəti bu xidmətdən məmnun qalıb. Çünku ASAN Xidmət mərkəzlərinin yaradılmasında əsas məqsədlərdən biri də vətəndaş məmnunluğunun təmin edilməsi olmuşdur.

 

Bundan başqa qeyd etmək lazımdır ki, müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir.

 

Əgər fikir verirsinizsə, bu xidmətlər adətən vətəndaşların gündəlik həyatlarında daha çox narazı qaldığı ənənəvi sahələrdəndirlər. Mən şəxsən özüm də yuxarıda adı çəkilən xidmətlərdən birbaşa aidiyyatı orqanlardan istifadə etdiyim zaman süründürməçiliyin şahidi olmuşam. Tam əminəm ki, ASAN Xidmət mərkəzləri Azərbaycanı bütünlüklə əhatə etdikdən sonra bu cür problemlərdən qurtula biləcəyik. Mənim əminliyim təkcə kütləvi informasiya vasitəslərindən aldığım məlumatlar əsasında yox, həm də şəxsi müşahidələrimlə əlaqədardır.

 

Yeri gəlmişkən, bu günlərdə social şəbəkələrdə ASAN xidmətlə bağlı belə bir irad eşitdim ki, ASAN Xidmət özünü çox reklam etməklə məşğuldur. Lakin sevindirici məqam budur ki, ASAN Xidmət barədə KİV orqanlarında indiyədək eşitdiyim ən ağır irad da elə bu irad olmuşdur. Lakin bu iradı da əslində mən əsassız sayıram.

 

Şəxsən mən ölkəmizin həyatında baş verən bu cür müsbət bir hadisəni, korrupsiyaya qarşı əsaslı bir mübarizə metodunu, vətəndaşların çox nadir hallarda məmnun qaldığı xidmət növünü, gələcəkdə digər aiddiyyatı orqanlar üçün müsbət nümunə sayıla biləcək bir qurumu, ölkədə hüquqi dövlətin inkişafı istiqamətində konkret iradənın ortaya qoyulması nəticəsində yaranan bir xidməti, ölkədə ilk dəfə dövlət qurumlarında könüllü xidmətini yüksək səviyyədə təşkil edən bir qurum barədə məhz indiki mərhələdə reklam edilməyə ehtiyac olduğu və vətəndaşların bu cür xidmət barədə məlumatlılığının artırılmasının vacibliyi qənaətindəyəm və öz növbəmdə bunun üçün əlimdən gələni əsirəgəməməyə hazıram.