Saturday, 28 Nov 2020

Dövlət səviyyəsində qərarların qəbulunda ictimai iştirakçılıq

Milli Məclisdə yeni “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır.

Demokratik cəmiyyətin mövcudluğu vətəndaşların qərar qəbul etmə prosesində nə dərəcədə iştirakından asılıdır. Bu günədək bir sıra dövlət orqanlarının tərkibində vətəndaş cəmiyyəti təşkilatlarının bu və ya digər formada ictimai nəzarət funksiyasını həyata keçirmək üçün cəlb edilməsi müşahidə edilmişdir. Lakin konseptual olaraq vətəndaş cəmiyyətinin qərar qəbuletmə prosesində bilvasitə iştirakını kompleks şəkildə tənzimləmək üçün müvafiq qanunvericlik aktlarının olması da vacibdir.

 

Yeni “İctimai iştirakçılıq haqqında” qanun layihəsi hər bir vətəndaşın dövlətin idarə olunmasında, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirakının hüquqi əsaslarını və formalarını müəyyən edir. Vətəndaşların ictimai nəzarəti həyata keçirməsi əslində vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığı təmin etməyə və bu orqanların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunmasına xidmət edir.

 

Qanun layihəsi ictimai iştirakçılığın məqsədləri, prinsipləri və təşkilati-hüquqi formalarını müəyyən edir. Yeni layihədə qanunun məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün icraçı orqan olaraq İctimai şuranın fəaliyyət göstərməsi nəzərdə tutulur.

Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai şuranın tərkibi 15-21 üzvdən ibarət tərkibdə vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Üzvlər irəli sürülmüş namizədlər içərisindən müvafiq ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının) bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermə yolu ilə seçilir. Üzvlülük könüllü əsaslarla həyata keçirilir və heç bir ödənişlər nəzərdə tutulmur.

 

İctimai Şuraya yeni qanun layihəsinə əsasən vətəndaşların içtimai iştirakçılığını təmin etmək məqsədilə xeyli hüquq və səlahiyyətlər verilmişdir. Belə ki, yeni qanun layihəsinə əsasən İctimai Şura:

 

–          icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları almaq;

–          ictimaiyyətlə məsləhətləşmlələrin keçirilməsi barədə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkilflər vermək;

–          mühüm ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və müvafiq icra hakimiyyəti və yerli özünüidarətmə orqanına təqdim etmək və s. səlahiyyətlərə malikdir.

 

Yeni layihədə həmçinin cəmiyyətimiz üçün son dərəcə vacib olan bir məsələ, əhalinin müxtəlif təbəqələrinin müvafiq məsələlər barəsində mövqeyinin öyrənilməsi üçün ictimai dinləmələrin keçirilməsinin təşkili və qaydaları nəzərdə tutulmuşdur. Nəticə olaraq hər bir dinləmədə yekun sənədin hazırlanması və imzalanması və 3 gün müddətində aid olduğu müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına təqdim olunması nəzərdə tutulur. 

 

Son olaraq onu qeyd etmək olar ki bu qanun layihəsi hər hansı bir məhdudlaşdırıcı yox, əksinə daha çox səlahiyyət vermə mahiyyətinə görə ümumilikdə pozitiv və mütərəqqi xarakter daşıyır və mən ümid edirəm ki bu qanun layihəsi tezliklə qəbul ediləcək, ən əsası isə yaxın gələcəkdə uğurla icra olunacaqdır. Qanunun effektiv icrası təkcə dövlət orqanlarından yox, məhz vətəndaş cəmiyyəti insitutlarının məsuliyyətli aktivliyindən asılı olacaqdır. 

 Ramil İskəndərli – Azərbaycan Hüquqlar Konsorsiumunun rəhbəri