Saturday, 11 Jul 2020

Korrupsiyaya qarşı mübarizədə dönüş

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu Azərbaycanda son illər korrupsiya və rüşvətxorluğa qarşı aparılan islahatlarla bağlı dönüş sahəsində rəyini bildirib.

Rəydə qeyd olunur ki, cari ilin yanvar ayının sonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda, ölkəmizin Prezidenti cənab İlham Əliyev, digər mühüm məsələlərlə yanaşı Azərbaycanda korrupsiyaya qarşı mübarizədə atılan addımlar barədə də öz fikrini deyib. Prezident çıxışında qeyd edib ki, “…korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir…”

Prezident bu mubarizədə ASAN xidmətinin rolunu qeyd edib və ASAN xidmət mərkəzlərinin sayının 7-yə çatdığnı, bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatların gəlməsini qeyd edib. `Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı`,- deyə fikrini bildirən cənab Prezident, əslində bu ifadə ilə ASAN xidmətin məhz korrupsiyanın qarşısının alınması sahəsində oynadığı rolunun əhəmiyyətini özündə tam olaraq ehtiva edib. Analitik qrupun rəyinə əsasən, həqiqətən də, ASAN xidmət bu sahədə dönüş yaradaraq, öz mahiyyətini ortaya qoyub.

Bu günlərdə həmçinin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2014-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə bildirilmişdir ki, 2014-cü il ərzində Baş İdarənin istintaq şöbəsi tərəfindən korrupsiya cinayətləri ilə bağlı 333 şəxsin barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Analitik qrupun fikrincə, 2014-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha intensiv xarakter alması, mütərəqqi institusional tədbirlərin həyata keçirilməsi, bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilməsi faktlarının tədbirdə qeyd edilməsi, bu sahədə dönüşün baş verməsini səciyyələndirən indikatorlar kimi qəbul etməyə əsas verir.

Azərbaycanda Korrupsiyaya qarşı mübarizədə dönüşün yaranması ilə bağlı nəinki əlaqədar dövlət orqanları, eyni zamanda mötəbər beynəlxalq təşkilatlar da öz müsbət fikirlərini bildirməkdədirlər. Belə ki, Avropada korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ixtisaslaşmış qurumu olan GRECO təsisatı da Azərbaycanda gedən islahatlarla bağlı özünün dərc etdiyi hesabatda bir sıra müsbət məqamları qeyd edib. Hesabatda deyilir ki, GRECO-un korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan dövlətinə verdiyi tövsiyyələr son hesabat dövründə qənaətbəxş şəkildə icra olunub. Xüsusilə cinayət məcəlləsinə və digər əlaqədar qanunvericlik aktlarına edilən dəyişikliklər müsbət addım kimi qeyd edilib.

Digər bir mötəbər beynəlxalq qurum olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə dövri hesabat dərc edib. Həmin hesabatda Azərbaycanda bu sahədə həm hüquqi, həm də institusional islahatların aparılmasınin pozitiv effekt verdiyinin və bunun da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində iradənin ortaya qoyulduğunu sübut edən fakt kimi qeyd olunub. Konkret uğur indikatorları kimi, ictimai xidmətlərin elektronlaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılması və fəaliyyəti, korrupsiya cinayətlərinə görə məsuliyyət sahəsində qanunvericilik aktlarının təkmilləşdırılməsi kimi göstəricilər hesabatda öz əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə Baş Komissarlığı ofisi (OHCHR) tərəfindən yaradılan “Bizness və İnsan hüquqları” üzrə İşçı Qrupunun Bakıya səfərindən sonra 2014-cü ilin avqust ayında verdiyi bəyənatda da ölkəmizdə korrsupiaya qarşı mübarizədə ASAN xidmətin rolu önə çəkilərək qeyd edirlir ki, ASAN xidmət mərkəzlərinin yaradılması ilə vətəndaşların bir sıra ictimai xidmətlərə maneəsiz çıxışınının təmin edilməsi, dövlət idarəetməsində korrsupiya hallarının azaldılmasına gətirib çıxaran əsas amil rolunu oynayıb.

Keçən il Bakıda Beynəlxalq Anti-Korrupsiya Akademiyası (İACA) ilə Azərbaycan hökümətinin birgə təşkil etdiyi konfransda Akademiyanın nümayəndəsi, eyni zamanda Avstiyanın XİN müavini Martin Kreutner, haqlı olaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın uğurli milli təcrübəsini nümunə kimi qeyd etmiş və eyni zamanda Azərbaycanı bu Akademiya vasitəsilə aktiv şəkildə korrupsiyaya qarşı mübarizə sahəsində həmçinin beynəlxalq təşəbbüsləri dəstəkləyən ölkə kimi xarakterizə edib.

Bundan başqa, qlobal səviyyədə korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində ixtisaslaşmış beynəlxalq qurum olan Transparency təşkilatı, 2014-cü il üçün təqdim etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ) adlı hesabatında qeyd edir ki, “…Azərbaycan 2000-ci ildə Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına ilk dəfə daxil edildikdən bu günədək ən yaxşı nəticəsini göstərib. Azərbaycanın indeksdə yüksəlişi əsasən ölkənin iqtisadi göstəriciləri sayəsində mümkün olub.

Azərbaycan həmçinin, Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanmış 2013-2014-cü illər üzrə Qlobal Rəqabətlilik Hesabatında (QRH) kifayət qədər yaxşı bal toplamışdır. Bu il Azərbaycanın daha yaxşı nəticələr göstərdiyi sahələr sırasına innovasiya potensialı, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində islahatlar və makroiqtisadi sabitlik daxildir…”. Əlbəttə, 2000-ci ildən bu günədək Azərbaycanın indeksdə məhz son ildəki göstəricisinin ən yüksək olduğunu, elə bu sahədə Prezidentin də qeyd etdiyi dönüşü səciyyələndirən amil kimi qəbul etmək lazımdır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik qrupu olaraq hesab edirik ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son ildə həqiqətən də dönüşün yaranmaşı, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın korrupsiya səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığı ölkə kimi qəbul edilməsi, gələcəkdə də bu siyasətin davam etməsinə inamı artırır.

Mənbə: http://az.azvision.az/Korrupsiyaya_qarshi_mubarizede_donush_-52560-xeber.html#.VNj6X-aUfV8