Dini ekstremizmlə mübarizə sosial sifarişdir – AzVision.az

Azərbaycanda qəbul olunan “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi mütərəqqi bir hüquqi sənəd olmaqla yanaşı, müasir dövrün reallıqlarını tam ehtiva edir. Dünyada və Azərbaycanda son dövrlər baş verən hadisələr dini ekstremizmlə mübarizəni zəruri edir. Yəni dolayısıla bu cür qanuna sosial sifariş artıq yaranıb.

Yeni qanuna əsasən, dini ekstremizmə qarşı mübarizənin əsas məqsədi cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, dini ekstremizmin aşkarlanması, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, eləcə də, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının ləğv edilməsıdır.

Qanun eyni zamanda dini ekstremizmə qarşı mübarizədə vətəndaş məsulliyyətini bir vəzifə kimi müəyyən edir. Belə ki, qanuna əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanunda qeyd olunur ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklikləri də radikalizmin təbliğinə qarşı mübarizədə preventiv xarakterli dəyişikliklər kimi qəbul etmək olar. Orada qeyd olunur ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağandır. Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması yolverilməzdir. Bu dəyişikliyin tətbiqi yaxın gələcəkdə dini radikalizmin təbliğini qarşısının alınmasına gətirib çıxaracaq.

HTA ekspertlərinin rəyinə əsasən, bu düzəlişlər Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğun olaraq qəbul edilib. Belə ki Konvensiyanın 9-cu maddəsinə əsasən öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Son qanunvericilik dəyişiklikləri özlüyündə məhdudlaşdırıcı xarakterli olsa belə, mahiyyətcə legitim xarakter daşıyır.

Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Bu dəyişiklik Avropa Konvensiyasının 9-ci maddəsində təsbit olunan ictimai asayiş və mənəviyyatı qorumaq naminə edilən məhdudiyyətlərə uyğun qəbul edilib. Heç kimə sirr deyil ki, Nardarandakı hadisələrdə uşaqların iştirakı aktiv müşahidə edilmişdir. Onların məhz yanlış təbliğat nəticəsində dərsdən yayınma, zərərli dini ekstremist baxışların aşılanaraq onlara yeridilməsi ilə qarşılaşmılşar. Bu da son nəticədə gələcəyimiz olan uşaqların Konvensiyanın 9-ci maddəsində təsbit olunan müdaxiləyə qanuni səbəb kimi mənəviyyatın qorunmasını vacib etmişdir.

“Polis haqqında” Qanuna təklif olunan düzəlişə əsasən isə terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinə icazə verilir.

Ümumiyyətlə, dini etiqad azadlığı həyata keçirilən zaman zorakılıq halları, polisə silahlı müqavimət göstərmə və silahdan istifadə qeyri-mümkündür. Bu, açıq-aşkar dini etiqad azadlığının həyata keçirilməsi yox, ictimai asayişin pozulmasıdır. Bu halda Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində sadalanan qanuni müdaxilənin növü kimi ictimai qaydanın bərqərar olması bu məsələdə müdaxilənin legitimliyini şərtləndirir.

Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, mütləq olmayan hər hansı hüquqa (misal üçün bu halda din azadlığı) müdaxilə, hüquqi çərçivəyə malik olduqda, legitim məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri olduqda dövlət orqanları tərəfindən məhdudlaşdırma istiqamətində hərəkət manevri tanınır.

Yəni dövlətlər zəruri hallarda hər hansı müdaxilə etməkdə müəyyən azadlığa sahibdirlər. Demokratik cəmiyyətdə ehtiyac dedikdə isə Avropa Məhkəməsi “Handisayd Böyük Britaniyaya qarşı” işdə əsasən “təcili sosial ehtiyac” kriteriyasını əsas götürmüşdür. Belə ki, hər hansı dövlət tərfindən dini etiqad azadlığının həyata keçirilməsinə məhdudlaşdırıcı müdaxilə demokratik cəmiyyətdə zəruri olmaqla bərabər, “təcili sosial ehtiyac” olduqda məqsədəuyğun sayılır. Nardaran hadisələrində göründüyü kimi, hadisələrin məhz dini ekstremizm zəminində baş veridyinə görə, bu cür qeyri-qanuni halların təcili olaraq aradan qaldırılması eyni zamanda cəmiyyətin tələbi idi, social sifariş idi və nəhayət təcili social ehtiyacdan irəli gəlirdi.

Bir çox ölkələrin qanunvercilik aktlarında ictimai asayişin qorunması və dövlətin təhlükəsizliyinə təhdidlərdən qorumaq üçün bəzən dini etiqad azadlığnın, fikir, vicdan, ifadə və söz azadlığnın müəyyən çərçivədə məhdudlaşdırılması heç də vətəndaşların insan hüquq və azadlıqlarının qorunmasının pozulması kimi dəyərləndirilmir. Misal üçün ABŞ, Rusiya və Böyük Britaniyanın terrorizm və dini ekstremizmə qarşı qəbul edilmiş qanunvericilik aktlarında terrorizmlə bağlı cinayət işlərində prosessual qaydaların adi qaydalardan fəqrli olduğunu görə bilərik. Bu əsasən özünü təhlükəsizliyin və ictimai asayişin qorunması üçün hüquq-mühafizə orqanlarının güc tətbiqinin istifadəsi, axtarışların aparılması, telefon danışıqlarının, internet yazışmalarının izlənilməsi və məhdudiyyətlərdə göstərir.

Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ təsbit olunmuşdur. Lakin həmin maddinin növbəti bəndlərində məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub ki, bu da din azadlığının mütləq xarakter daşımadığı anlamına gəlir. Belə ki, həmin maddəyə əsasən dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Eyni zamanda dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Bilriyinin Analitik Qrupu (HTA)

 

Mənbə: http://az.azvision.az/Dini_ekstremizmle_mubarize_sosial_-77690-xeber.html