İnsan ömrünü uzadan oyun!

Deyirlər ki, gülüş ömrü uzadır. Məncə gülüş özü yox, məhz sevinc hissi ömrü uzadır. Dünən Avropa klublararası Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubu və Danimarkanın “Kopenhavn” klubu arasında Tofiq Bəhramov adına stadionda keçirilən oyunda əsl futbol azarkeşinin bütün gözləntiləri doğruldu:
– Stadionun bütünlüklə azarkeşlə dolu olması və möhtəşəm atmosferin yaradılması. Bütün stadionun bir ağızdan sinxron olaraq “Qarabağ” deyə qışqıraraq sevimli komandanı irəli səsləməsinı çoxdandı izləməmişdim.
– Oyunun əvvəlində Azərbaycan futbolu tarixində ilk dəfə Avropa klublararası Çempionlar Liqasının rəsmi himninin çalınması. Hətta bəzi azarkeşlər “Mən bura elə himnə canlı olaraq qulaq asmağa gəlmişəm” deyə, zarafatlaşırdılar.
– Azarkeşi olduğu doğma “Qarabağ” komandasının sərgilədiyi gözəl futbol tamaşası və oyunun “Qarabağ”-ın qələbəsi ilə başa çatması. Doğrudan da oyun ərzində bir çox qol situasiyaları yaradan “Qarabağ” komandası danimarkalılara öz oununu oynamağa imkan vermədilər. Bu tamaşanı izləmək qürurverici idi.
– Oyundan sonra bir çox xarici informasiya mənbələrində, sosial şəbəkədə Azərbaycan klubu – “Qarabağ”ın qələbəsinin qeyd olunması. Bu cür təbliğin siyasi mənada nə dərəcədə vacibliyini demək artıqdır. Siyasətlə maraqlanmayan milyonlarla xarici futbol azarkeşləri “Qarabağ”ın harada yerləşməsi və kimə məxsus olması ilə bağlı futbol vasitəsilə məlumat aldılar.
shekil_oyun
Son olaraq 37-38 min azarkeşin hər birinin üzündə sezilən sevinc hissi (20-dək Danimarkalı azarkeşi çıxmaq şərtilə) bizə deməyə əsas verir ki, dünən axşam, bu qədər insanın ömrü uzanmış oldu. Buna görə də Qarabağa təşəkkürlər. “Qarabağ” adı ilə bağlı, İnşAllah, bundan da böyük sevinc hissinin yaşanmasına çox qalmayıb!
Ramil Iskəndərli
P.S. UEFA rəsmi saytında yerləşdırılən oyunun VİDEO xülasəsilə buradan tanış ola bilərsiniz: