Thursday, 2 Apr 2020

İLİN 3 HÜQUQ HADİSƏSİ

 

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinın İdarə Heyətinin sədri Ramil İskəndərlinin verdiyi məlumata əsasən, rəhbərlik etdiyi təşkilat tərəfindən aparılan araşdırma nəticələrinə əsasən 2017-ci ildə “İlin 3 əsas hüquq hadisəsi” olaraq aşağıdakılar hesab olunmuşdur:

  1. Cinayət qanunvericiliyinin humanistləşdirilməsi
  2. Probasiya xidmətinin yaradılması
  3. Azərbaycanda Vəkillər Kollegiyasında dəyişikliklər

2017-ci il Azərbaycanın hüquq sisteminin, xüsusilə cinayət mühakimə və hüquq müdafiə məsələlərində çox ciddi müsbət istiqamətdə dəyişikliklər baş vermişdir. Bu dəyişiklər son illər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, qanunvericilik, məhkəmə, ədliyyə və hüquq mühafizə orqanlarının professional yanaşması nəticəsində Azərbaycanda aparılan hüquq islahatlarının məntiqi davamıdır.  İl ərzində hüquq islahatlarının dinamik inkişaf tendensiyası nəticəsində xeyli dəyişiklik hadisələri baş verməsinə baxmayaraq, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi qərara gəlmişdir ki, əhalinin bu islahatlar barədə məlumatlandırılması məqsədilə 3 əsas, mühüm və həlledici hüquq hadisələrini seçərək ictimaiyyətə təqdim etsin.

  • Cinayət qanunvericiliyinin humanistləşdirilməsi

2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, daha sonra bu qanunvericiliyə edilən dəyişikliklər çox mühüm hüquq hadisəsi olaraq dəyərləndirilməlidir. Bu hüquq hadisəsinin əsas mahiyyəti ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, cəza siyasətinin humanistləşdirilməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqidir.

  • Probasiya xidmətinin yaradılması

2017-ci ilin yekunlarına əsasən qeyd etmək olar ki, il ərzində baş verən mühüm yeniliklərdən biri də Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasıdır. Ölkəmiz üçün yeni olan bu institutun yaradılması ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Probasiya institutunun əsas mahiyyəti əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən də asılı olaraq məhkumların cəzaçəkmə yerlərindən kənarda, cəmiyyətə inteqrasiya şəraitində islah olunmasıdır. Probasiya əsasən anqlosakson hüquq sisteminə xas olan bir hüquq təsisatıdır. Həmin ölkələrdə məhkəmələr azadlıqdan məhrum etməyə alternativ tədbir olaraq, məhkumu müəyyən müddətə Probasiya xidməti əməkdaşının müşahidəsi altına verməsidir. Bu müşahidə isə müasir yeni texnologiyalardan istifadə ilə (misal üçün elektron monitorinq) müşaiyət oluna bilər. Bundan başqa yaxın gələcəkdə mediasiya institutundan, yəni mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarından da geniş istifadə olunması nəzərdə tutulur.

  • Azərbaycanda Vəkillər Kollegiyasında dəyişikliklər

İlin daha bir hüquq hadisəsi isə ilin sonunda Vəkillər Kollegiyasında baş vermiş dəyişikliklərlə əlaqədar olmuşdur. Burada əsas etibarilə Kollegiyanın yeni sədrinin seçilməsi, həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, İntizam Komissiyasının üzvlərinin seçkisi, Vəkillər Kollegiyasının bir sıra sənədlərinə dəyişikliklərin edilməsini qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 7 noyabr tarixli sərəncamı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununa dəyişikliklər təsdiqlənmişdir ki, bu da öz növbəsində vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsinə dəlalət edir. Sərəncamda mühüm məqamlardan biri kimi qeyd etmək lazımdır ki, ölkədə vəkillərin sayının artırılması məsələsi Prezident tərəfindən Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Bu tövsiyədən irəli gələrək, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən fərdi sahibkar qismində fəaliyyət göstərən hüquqşünasların vəkilliyə sənədlərinin qəbulu barədə qərar qəbul edilmışdır. Bu mütərəqqi və innovativ qərar hüquq icmasında, həm vəkillər, həm də digər hüquqşünaslar tərəfindən müsbət qarşılanmışdır.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi olaraq bir daha qeyd edirik ki, Azərbaycanda 2017-ci ildə aparılmış hüquq islahatları çərçivəsində xeyli işlər görülmüş, yuxarıda sadalanan hüquq hadisələri isə bu fəaliyyətlərdən yalnız üçünü əhatə edir. İnanırırıq ki, bu islahatlar 2018-ci ildə də davam edəcək və Azərbaycanda hüquqi dövlətin qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılacaqdır.

shekilramil2

Ramil İskəndərli, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri