“Azərbaycan ərazılərinin işğalı faktının tanınmasının əhəmiyyəti” – Təhlil

Ramil İskəndərli “Planet” Hüquq Daycesti üçün

Bildiyimiz kimi, son günlər müzakirə olunan məsələlərdən biri də ABŞ konqresinin Qaydalar Komitəsi tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktının tanınması olmuşdur. Sosial şəbəkələrdə böyük rezonansa səbəb olan bu hadisənin Azərbaycan üçün nə verəcəyi barədə suallar səslənir. Münaqişə barədə bir sıra araşdırmalar, təhlillər və yazılar dərc edilib. Bu yazının məqsədi isə məhz beynəlxalq təşkilatlar və ölkələr tərəfindən İşğal faktının tanınmasının əhəmiyyəti barədə oxuculara məlumat verməkdir.

Beynəlxalq humanitar hüquqda İŞĞAL anlayışı

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistan dövlətinin Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizinin məhz işğal olunmasının həm beynəlxalq, həm regional, həm də ölkələr səviyyəsində tanınması niyə vacibdir?
Beynəlxalq humanitar hüquqa görə, bir dövlət işğal olunmuş tərəfin hökumətinin razılığı olmadan, suveren hüququ olmayan bir əraziyə faktiki olaraq nəzarəti həyata keçirdikdə, işğal vəziyyəti yaranır. Beynəlxalq hüquq bir ərazinin düşmən ordusu tərəfindən qismən və ya tamamilə işğalı vəziyyətlərini tənzimləyir. İşğal rejimi 1907-ci il Haaqa Qaydalarının 42-ci maddəsi və 1949-cu il Cenevrə Konvensiyası, 1977-ci ildə qəbul edilmiş Cenevrə Konvensiyalarına Əlavə Protokolu ilə müəyyən edilmiş konsepsiyaya əsaslanır. Konspesiyanın mahiyəti odur ki, bir ərazi düşmən ordusunun ixtiyarındadırsa, işğal olunmuş sayılır. İşğalçı Dövlət işğal olunmuş ərazidə suveren hüquqlar əldə etmir və İşğalın müvəqqəti olduğu və işğalçı gücün işğal olunmuş ərazidə status-kvo saxlayacağı ehtimal edilir.

Təbii ki, biz Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi timsalında yuxarıda göstərilən işğal vəziyyətinin mövcud olmasını tam əminliklə qeyd edə bilərik.

Beynəlxalq səviyyədə işğal faktının tanınması

Belə ki, BMT Baş Asssambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində, elə sənədin adından göründüyü kimi işğal fakti öz əksini tapir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi və icrası heç də məsləhət xarakteri yox, məhz məcburi xarakter daşıyan, lakin Ermənistan tərəfindən indəyədək icra olunmayan məhşur 4 qətnaməsinə diqqət yetirsək, görərik ki, 4 qətnamədən 1-cisi məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir.


Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. İkinci, üçüncü və dürdüncü qətnamələr də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazlərdən qeyd şərtsiz çıxarılmasını və tələb edirdi.

Regional səviyyədə işğal faktının tanınması

İşğal faktının tanınması təkcə BMT arenasında, beynəlxalq səviyyədə yox, eyni zamanda regional qurumlar (məsələn Avropa Birliyi) tərəfindən qəbul edilməsi çox vacibdir. Bu baxımdan Millət Vəkili Könül Nurullayevanın mətbuata verdiyi açıqlamada qeyd olunur ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnaməsində isə “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər”inə istinad edilərək Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks olunmaqla bərabər erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub.
Regional səviyyədə qərarlardan danışarkən, işğal faktının tanınması baxımından regional təşkilatlardan Azərbaycanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların sənədlərində ifadə etdikləri qərarları və bəyənatlarını misal gətirmək olar. İslam Əməkdaşlıq Təşkilatının xüsusilə Ermənistanın Azərbaycan təcavüzü barədə qərarı burada yerinə düşür.

İşğal faktının fərdi işlər üzrə məhkəmə təcrübəsində öz əksinin tapması məsələnin tək siyasi yox, həm də hüquqi tanınması baxımından, case-law və gələcəkdə analoji işlərdə tətbiqi baxımından vacibdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərlərinin Ermənistana qarşı olan işində verilən qərarda işğal və ərazilərə qeyri-qanuni faktiki nəzarətin tanınması baxımından çox əhəmiyyətli olmuşdur.
Təsadüfi deyil ki, Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi olmuş, Ali Məhkəmənin sədr müavini, Çingiz Əsgərovun APA-ya müsahibəsi zamanı məsələ ilə bağlı qeyd etmişdir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi məcburiyyəti əks etdirən hüquqi sənəddir. Bu, ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur. Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır.

Ayrı-ayrı ölkələr səviyyəsində işğal faktının tanınması

Həmçinin qeyd etməliyəm ki, beynəlxalq aləmdə təçkilatlardan başqa, milli səviyyədə dövlətlərin bu və ya digər münaqişələrlə bağlı verdiyi qərarlar vacib əhəmiyyət daşıyır. Bu həm icraedici hakimiyyət, həm də qanunverici, həm də məhkəmə hakimiyyəti tərəfindən verilən qərarlar səviyyəsində ola bilər. Xüsusilə bu cür qərarlar beynəlxalq münasibətlər sistemində həlledici mövqeyə malik olan dövlətlər tərəfindən verildikdə, qərarın təsir effekti də bir o qədər nəzərəçarpan dərəcədə olur. Bu baxımdan son günlər müzakirə mövzusu olan ABŞ Konqresinin Qaydalar Komitəsinin GUAM ölkələrində məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərardır.

Azvision.az -ın məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd etmişdir ki, düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”, – deyə XİN rəsmisi vurğulayıb.
Yuxarıdakıları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, ölkə rəhbəri İlham Əliyevin beynəlxalq nüfuzu və uğurlu siyasəti nəticəsində həm beynəlxalq, həm regional, həm də ölkə səviyyəsində Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktının tanınması, Ermənistanın destruktivliyi nəticəsində sülh danışıqlarının tükənəcəyi təqdirdə, Azərbaycan dövlətinə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünü müdafiə hüququndan lazım bildiyi məqamda istifadə etməsi üçün möhkəm əsaslar verir.

Ramil İskəndərli
London Metropolitan Universitetinin “Təhlükəsizlik və ictimai qayda” ixtisası üzrə doktorantı
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Məqalədə istifadə olunan mənbələr:
– Beynəlxalq Qırmızı Xaç Komitəsinin saytı: https://www.icrc.org/ru/doc/war-and-law/contemporary-challenges-for-ihl/occupation/overview-occupation.htm
– BMT Qətnamələri məlumat bazası http://unscr.com/en/resolutions
– “Report”. Milli Məclisin deputatı, Könül Nurullayevanın Ednews.net nəşrinə hazırladığı məqalə
https://report.az/xarici-siyaset/avropada-erazi-butovluyu-meselesine-yanasma-nece-deyisdi/
– İslam Əməkdaşlıq Təşkilatının saytı (OİC): https://www.oic-oci.org/docdown/?docID=3351&refID=1167
– Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun APA-ya müsahibəsi https://apa.az/az/dagliq_qarabag/xeber_cingiz_esgerov___avropa_mehkemesinin_qer_-387787
– Azvision.az https://azvision.az/news/222955/abs-konqresi-azerbaycan-torpaqlarinin-isgal-faktini-tanidi-.html