Thursday, 1 Oct 2020

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birlyinin 8 yaşı tamam oldu

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin 8 illik fəaliyyəti ərzində görülmüş işlərlə bağlı qısa təsviri hesabatı sizin nəzərinizə çatdırırıq.

Avqust ayının 28-də “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birlyinin (HTA) 8 yaşı tamam olur. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi (HTA) 2012-ci ilin avqust ayının 28-də təsis edilib və sentyabr ayında dövlət qeydiyyatına alınmışdır. Təşkilat iki hüquqşünas, Ramil İskəndərli və Elmari Məmişov tərəfindən təsis edilmişdir. Birliyin əsas məqsədi hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərməkdən ibarətdir. Təşkilat müxtəlif hüquq sahələri üzrə elmi və praktiki araşdırmalarla məşğul olan “beyin mərkəzidir”.

Təşkilatın simaları

Təşkilatın İdarə Heyətinin üzvləri, Harvard Kennedy İdarəetmə Məktəbinin Liderlik üzrə Davamedici Təhsil programının təqaüdçüsü olmuş, London Metropolitan Universitetinin doktorantı – Ramil İskəndərli (sədr), ABŞ Dövlət Departamentinin “Şəffaflıq və Anti-Korrupsiya” Təcrübə proqramının məzunu – Elmari Məmişov (sədr müavini) və Magistr, İsveçin Raul Vallenberg İnstitutunun İnsan Hüquqları proqramı üzrə məzunu, Nigar İskəndərovadır (üzv). Bundan başqa təşkilatın müxtəlif istiqamətlər üzrə departmentləri fəaliyyət göstərir. İnsan Hüquqları üzrə Departamentin rəhbəri, təşkilatın eyni zamanda həmtəsisçisi Elmari Məmişovdur. İdarəetmə məsələləri üzrə Araşdırmalar Departamentinin rəhbəri, Ankara Hacı Bayram Vəli Universitetinin “Dövlət və Bələdiyyə İdarəçiliyi” ixtisası üzrə Doktorantı – İsmayıl Kərimov, Elmi Araşdırmalar üzrə Departamentin rəhbəri isə, AMEA “Şərqşünaslıq” İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıdır.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi təsisçiləri və üzvləri əsasən keçmişdə aktiv olaraq fəaliyyət göstərmiş “Gənc Hüquqşünaslar” Birliyinin rəhbərliyi və üzvu olmuş, gənclər sektorunda çalışmış şəxslərdən ibarətdir. Onlar gənclər sektorundakı fəaliyyətlərini uğurla başa vurmuş və missiyalarını gənclərə müvəffəqiyyətlə ötürmüşlər.

Milli donordan dəstək

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi fəaliyyət göstərdiyi 8 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yaxından əməkdaşlıq etmişdir və bu qurum təşkilatın əsas dəstəkçi donoruna çevrilmişdir. Belə ki, bu illər ərzində təşkilat Şuranın maliyyə yardımı ilə əhalinin həssas qrupları olan qadın, uşaq və əlilliyi olan şəxslərə müxtəlif hüquqi dəstək layihələri, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmin diqqətinə çatdırılması məqsədi ilə müxtəlif layihələr həyata keçirmişdir.
Bundan başqa təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət Komitəsilə əməkdaşlıq şəraitində cari ilin oktyabr ayında Beynəlxalq Humanitar Hüquq üzrə xarici və yerli ekspertlərin iştirakı ilə onlayn konfrans keçirəcəkdir və tədbir zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri müzakirə olunacaqdır.

Beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən fəaliyyət

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi beynəlxalq arenada yaranan gündən indiyədək aktivlik nümayiş etdirmişdir. Təsadüfi deyildir ki, Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşdə beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərən bir neçə QHT rəhbəri ilə görüşdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi”nin sədri Ramil İskəndərli də iştirak etmiş və bu sahənin inkişafı ilə bağlı öz təkliflərini vermişdir.

Təşkilat müxtəlif illərdə aşağıdakı fəaliyyətlər həyata keçirilmişdir:

Avropa Birliyinin “Gənclər fəaliyyətdə” (“Youth in Action”) proqramı çərçivəsində İsveçin Viksjöfors şəhərində İsveç partnoyları ilə birgə hüquqşünas tələbələr üçün təcrübə mübadiləsi həyata keçirmişdir.

Layihənin rəhbəri Helena Ehrstand azərbaycanlı tələbələrin layihədə iştirakı ilə bağlı demişdir: ”Artıq bir neçə ildir ki, bu layihəyə rəhbərlik edirəm, amma heç bir ölkənin təmsilçiləri Azərbaycan nümayəndələri kimi bacarıq nümayiş etdirməmişdir. Bu bizim üçün boyük yenilikdir. Güman edirəm ki, sizinlə olan əməkdaşlığımız davam edəcəkdir”.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Gürcüstanda yerləşən “Demokratiya və Mülki İnteqrasiya” Mərkəzi ilə birlikdə Azərbaycandakı Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə Gürcüstan və Azərbaycanda (Zaqatala və Marneuli rayonlarında) etnik azlıqların ana dilində təhsil hüququ və mədəni müxtəlifliklə bağlı layihə həyata keçirmişdir. Layihə çərçivəsində bir sıra multikulturalizm dəyərləri, etnik azlıqları ana dilində azad istifadəsi, qarşılıqlı təcrübə mübadiləsi istiqaməti üzrə tədbirlər keçirilmiş və qarşılıqlı səfərlər təşkil edilmişdir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Kommisarlığı Avropa Birliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli fərdi konsultant qismində QHT-lər və vəkillər üçün “BMT çərçivəsində insan hüquqları mexanizmləri” mövzusunda təlimlərə təlimçi olaraq qatılmışdır.

Təlimlərin məqsədi iştirakçıların BMT-nin insan hüquqları sistemi və institutlarına dair bilik və bacarıqlarını artırmaq, QHT-lərin və vəkillərin BMT insan hüquqları mexanizmlərindən istifadədə rolu, alternativ hesabatlar və monitorinq alətlərindən istifadə və fandreyzing imkanları barədə məlumatlandırmaq olmuşdur. Bu təlimlərdə BMT-nin Nizamnamə və Saziş qurumları, digər ixtisaslaşmış qurumlar və onların mandatı, Saziş Qurumlarının Yekun Müşahidələrinin və Ümumi Şərhlərin hüquqi təhlili, eyni zamanda BMT məkanında milli tərəfdaşların insan hüquqlarının təbliğində iştirak formalarına dair xülasələr təqdim olunub.

Təşkilatın digər rəhbər üzvü sözügedən layihə çərçivəsində Elmari Məmişov isə fərdi ekspert olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə “Azərbaycanda Yuvenal Ədliyyə” ilə bağlı alternativ hesabat hazırlamışdır. BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi QHT-lər və hüquqşünaslar üçün Resurs və Təlim Mərkəzində isə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi insan hüquqlarının müxtəlif istiqamətləri üzrə QHT-lər üçün tədbirlər təşkil etmişdir.

Dövlət orqanları ilə əməkdaşlıq
Təşkilat indiyəqədərki fəaliyyəti ərzində bir sıra dövlət qurumları ilə əməkdaşlıq etmişdir. Bunlardan, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ədliyyə Nazirliyi, Diaspora ilə iş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Komitəsi, Vəkillər Kollegiyası, Ədliyyə Akademiyası, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı və digər qurumlarla bu və ya digər şəkildə əməkdaşlıq həyata keçirilmişdir.
Təşkilatın sədri Ramil İskəndərli Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” üzrə İşçi Qrupun üzvüdür.

Beynəlxalq əməkdaşlıq

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi qərargahı Nyu Yorkda yerləşən “Cinayətlərin Önlənməsi və Cinayət Mühakimə İcraatı üzrə” Beynəlxalq QHT Alyansının üzvüdür. Təşkilatın rəhbəri Ramil İskəndərli isə sözügedən Alyansın “Məişət Zorakılığı” üzrə İşçi Qrupunun üzvüdür. Bu beynəlxalq təşkilatın texniki dəstəyi ilə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələri cari ilin 12-16 oktyabrında BMT-in “Transmilli Cinayətkarlıqla mübarizə” Konvensiyasına üzv olan ölkələrin nümayəndələrinin iştirak edəcəyi Vyana Konfransına müşahidəçi qismində iştirakla bağlı rəsmi dəvət almışdır.

Təşkilatın ekspertləri həmçinin müxtəlif hüquq sahələri üzrə, Nyu-York Universitetinin Hüquq Fakultəsinin “Globalex” layihəsi üçün, Avropa Birliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı, GİZ, Avropa Şurası, UNİCEF və digər beynəlxalq qurumlar üçün hüquqi araşdırmalar aparmış, təlimlər təşkil etmiş və hüquqi məsləhətlər vermişlər. Təşkilatın üzvləri periodik olaraq yerli və xarici tədbirlərdə müxtəlif araşdırmalarla bağlı çıxış və təqdimatlar edir, yerli və xarici mətbu orqanlarında, televiziya kanaları, internet TV və xəbər portallarında analitik və maarifləndirici xarakterli çıxışlar edirlər. Elmi Araşdırmalar Departamentinin rəhbəri Sübhan Talıblı periodik olaraq Qarabağ həqiqətləri ilə bağlı Orta Asiya və Ərəb ölkələrinin KİV-lərində öz araşdırmaları ilə çıxış edir.

Təşkilat tərəfindən təsis olunan ingilis və azərbaycan dilində “Planet” Hüquqi Elektron Daycesti (laied.az) və “The London Watch” Anqlo-Azərbaycan beynəlxalq hüquq xəbər saytı (thelondonwatch.com) fəaliyyət göstərməkdədir.

Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi

2019-cu ilin yanvar ayında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə təsis olunan Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinın, təşkilatçılığı ilə indiyədək bir sıra canlı və onlayn müzakirələr, təqdimatlar, konfranslar həyata keçirmişdir. Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə, mütəxəssislərin potensialının səfərbər edilməsi ilə dəstək göstərilməsidir. Şəbəkənin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi həyata keçirir.

“Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi 2020-ci ilin yay aylarında Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn dəyirmi masa keçirmişdir. Tədbirin əsas təqdimatçısı, tanınmış gənc alim, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olmuşdur. Bundan başqa İsmayıl Kərimovun, Ramil Məmmədlinin, Mehriban Zeynalovanın, Ramil İskəndərlinin, Elmari Məmişovun, Nabil Seyidovun və Kamələ Aşumovanın aparıcılığı ilə müxtəlif mövzularda dəyirmi masalar keçirilmidir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi Uçaq Hüquqları üzrə QHT Alyansı ilə birgə “Uşaqlara qarşı məişət zorakılığı” mövzusu üzrə veb-konfrans keçirmişdir. “Yeni Dövlət İdarəçiliyi” və “Yerli idarəçilik” mövzularında onlayn “dəyirmi masa”larda Şəbəkənin eksperti, Ankara Hacı Bayram Vəli Universitetinin “Dövlət və Bələiyyə İdarəçiliyi” ixtisası üzrə Doktorantı, İsmayıl Kərimov təqdimatlarla çıxış etmişdir.

BMT İnsan Hüquqları Şurasının Xüsusi Məruzəçisinə Ermənistana qarşı təqdimat ərizəsi (submission)

18 dekabr 2019-cu il tarixli BMT Baş Assambleyasının “Nasizm, neo-Nazism və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və digər dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən digər təcrübələrin şöhrətləndirilməsi ilə mübarizə” adlı qətnaməsinə istinad edilirək bu qətnamənin icrası ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) İrqçiliyin, irqi ayrı-seçkiliyin, ksenefobiyanın və digər dözümsüzlüyün müasir formaları üzrə xüsusi məruzəçi təyin edilmiş Tendayi Aşıyumaya xüsusi hesabatın hazırlanması mandatı verilmişdir. Fürsətdən istifadə edərək, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistanın nasizm və irqçilik hallarının dəstəklədiyi barədə, faşıst Qaregin Njdeyə heykəlin qoyulması, eləcədə xarici ölkələrdə azərbaycanlıların dinc “Qarabağ” aksiyaları zamanı azərbaycanlılara qarşı nifrət zəminində zorakılıq cinayətləri törədilmiş hadisələr barədə məlumatlar özündə əks etdirən təqdimat ərizəsini xüsusi məruzəçiyə göndərmişdir. 2020-ci ilin senytabr ayında keçiriləcək BMT Baş Assambleyasının 75-ci sessiyasında sözügedən qətnamənin icrası ilə bağlı tərtib edilən məruzə xüsusi məruzəçi tərəfindən təqdim olunacaq.