Monday, 21 Sep 2020

Qeyri-rəsmi nikahlar və uşaqlarla bağlı hüquqi problemlər – Fariz Əkbərov

Bu gün ölkəmizdə rəsmi, qeyri-rəsmi və ya vətəndaş nikahı deyilən anlayışlar var. Azərbaycan Respublikasının qanunverciliyinə görə tanınan rəsmi dövlət nikahıdır. Lakin insanlar qeyri-rəsmi nikahlarına, və ya vətəndaş nikahları ilə yaşamaqla kifayətlənirlər. Bu cür nikahlar gələcəkdə böyük problemlərə səbəb olur.

Çünki insanların qeyri-rəsmi nikaha daxil olması nəticəsində həmin nikahdan doğulan uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə göstərilir ki, Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Qeyri-rəsmi nikah iki şəxsin öz arzusu ilə heç bir dövlət və qeyri-dövlət orqanından rəsmi qeydiyyatdan keçməyən könüllü nikahdır.

Ancaq qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlar gələcəkdə bir çox hüquqlarının pozulması ilə qarşılaşırlar.
Bu çətinliklərin ən əsaslarından biri də məhz rəsmi nikahın olmaması səbəbindən dünyaya gələçək uşağın atalığının müəyyən olunmasında çətinliklər ilə bağlıdır. Əksər hallarda, kişilər qeyri rəsmi nikahda və ya vətəndaş nikahında yaşadıqları qadınları tərk edirlər. Digər hallarda isə qadınları hamilə vəziyyətdə olan zaman tək qoyub getmələridir.

Uşaqlar doğulduqdan sonra valideynlərin sənədlərinin qaydasında olmaması atalığın müəyyən olunmasında gətirib çıxarır və ya kişinin atalığın verilməsindən boyun qaçırması halları baş verir. Ailədə baş verən belə problemlər nikahın rəsmiləşdirilməməsindən baş verdiyi üçün boşanmaların sayının artmasına təkan verir.
Uşaqlar doğulduqdan sonra onların aliment, miras, sənədləşmə, əmək, təhsil, tibb və digər sosial hüquqları da pozulmuş olur.
Belə ki, Ailə Məcəlləsinin 46.3-cü maddəsində deyilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır.

Belə olan halda qeyri-rəsmi nikahdan doğulan atalığı müəyən edilməyən uşaqları saxlamaq üçün gələcəkdə aliment almaq da mümkün olmur. Tək qalmış ana doğum faktının tanınması üçün məhkəməyə müraciət etməli olur. Lakin ana maddi imkanı olmadığı üçün DNK analizinin keçirilməsində çətinliklərlə qarşılaşır.

Həmin çətinlikləri görən və maddi imkanı çatmayan qadın uşağın atalığının müəyyən edilməsindən imtina edir. Atalığı müəyyən olmayan uşaqlar ya sənədsiz və ya da ki, ananın özünün soyadı ilə böyüməli olurlar. Digər tərəfdən qeyri-rəsmi nikahlardan doğulan uşaqlar da psixoloji nöqteyi-nəzərdən mənfi amil üzə çıxır. Həmin uşaqlar həm öz yaşıdlarının, həm də yaxınları tərəfindən ictimai qınaq obyektinə çevrilirlər, bəzən də təhqirə məruz qalırlar.
Qeyri-rəsmi nikahdan doğulan, heç bir sənədləri olmayan uşaqlar təhsil hüquqdan məhrum olunurlar. Sənədləri olmadıqları üçün məktəblərə gedə bilmirlər, digər uşaqlar kimi məktəbli formasını geyinmirlər, parta arxasında əyləşmirlər.

Valideyn məsuliyyətsizliyinin nəticəsində bu cür uşaqlar küçələrdə, baxımsız şəraitdə böyüməli olurlar və ya sevgisiz dünyaya gəldiyi üçün bu uşaqlardan imtina edilərək uşaq evlərinə verirlər.
Uşaqların əmlak hüquqları tərəfindən yanaşsaq qeyri-rəsmi nikahda olan şəxslərin birinin qəflətən dünyasını dəyişməsi qarşı tərəfin hər hansı bir mülkiyyətə iddia etməsi çətin məsələyə çevrilir. Çünki qanunvericiliyə görə onların bir yerdə yaşamalarının, birgə uşaqlarının olmasını sübuta yetirmələri çətinlkliklərə başa gəlir. Bu zaman ailə də doğulan uşaqlar valideynlərinin əmlakına miras iddiası edə bilmirlər.
Ailə kiçik dövlətdir. Ailə qurarkən insanlar hərtərəfli düşünməli, qeyri-rəsmi nikaha daxil olmamalıdırlar. Çünki qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqlarının pozulması, sonra da həmin ailələrdə yaşanan çətinliklər, və ya qeyri-ciddi yanaşılması qurulan ailələrin dağılmasına və boşanmalara gətirib çıxarmaqdadır.
Ailə institutunun möhkəmləndirilməsi, onların sağlamlığının mühafizəsi, uşaqların hüquqlarının qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsi bizim əsas məqsədlərimizdəndir.

Fariz Əkbərov
Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin həmtəsisçisi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin hüquqşünası