ATƏT-in Minsk Qrupu həmsədrlərinin “fəaliyyəti/fəaliyyətsizliyi” bizə lazımdırmı?

Tam əminliklə deyə bilərəm ki, Ermənistanın bu linin iyul ayında Tovuz istiqamətindəki qanunsuz torpaq ələ keçirmə cəhdləri “Böyük Qardaş” Rusiyaya tam arxalanması nəticəsində baş vermişdir. Bunun sübuta ehtiyacı olmadığı halda, hər ehtimala qarşı Rusiyanın Ermənistanı “təpədən dırnağadək” silahlandırmasını misal çəkə bilərəm.

Yaxşı, tutaq ki, Rusiya və Ermənistan qanunsuz olaraq bu hərəkətləri etdi. Bəs axı 30 il əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu yaradıldı və Rusiya, Fransa və ABŞ nümayəndələrindən ibarət həmsədrlər İnstitutu təsis edildi.

Həmsədrlər həm 2016-ci ilin aprel ayında, həm də 2020-ci ilin iyul ayında özlərinin dili ilə desək “mediatorluq” etdikləri konfliktin hərbi eskalasiya dövrlərində, qəfildən üçü də birdən “məzuniyyətə” çıxdılar. Yəni baş vermiş erməni provokasiyalarını qınamaq əvəzinə, səssiz qaldılar.

Bir neçə gün öncə ATƏT-in Mİnsk Qrupu həmsədrlərinə 20 QHT olaraq rəsmi bəyənat ünvanladıq. Lakin səs-soraq yoxdu.

Əgər hüquqi dildə desək, ATƏT-in Minsk Qrupunun Həmsədrlərin fəaliyyətini tənzimləyən Mandat sənədinə diqqət yetirsək, görərik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu müddət ərzində öz funksiyasını nəinki passiv şəkildə yerinə yetirmir, həmçinin aktiv şəkildə pozur. Xüsusilə də Mandat sənədində qeyd olunan, qərəzsizlik prinsipini, eləcədə beynəlxalq hüquqda ədalətlilik prinsipini kobudcasına pozmaqla məşğuldurlar. Hər dəfə Ermənistan təxribatlar törədəndə və dinc mülki əhalini qətlə yetirəndə ATƏT-in Minsk qrupu həmsədrləri mənasız söz yığınından ibarət olan bəyanat yaymaqla öz işini “yerinə yetirilmiş” kimi hesab edir.

Mən hesab edirəm ki, Azərbaycanda artıq bir çox insanlar ATƏT-in Minsk Qrupunun Həmsədrləri institutunun bu cür kağız üzərində mövcudluluğun Azərbaycanın nəyinə lazım olduğunu düşünür. Heç kim demək olar ki, Həmsədrləri umid bəsləmir.
Görəsən nə vaxta qədər ATƏT-in Minsk qrupu həmsədrləri nəinki beynəlxalq hüquq normalarının pozlunmasına, həm də elə özünün fəaliyyətini tənzimləyən mandatına laqeyd münasibət göstərəcəklər?

Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri