Sunday, 25 Oct 2020

Azərbaycan QHT-lərinin ATƏT-n Minsk Qrupu həmsədrləri ölkələrinin rəhbərlərinə müraciəti

Azərbaycan Qeyri-Hökumət Təşkilatarının müraciəti

Kimə: ATƏT-in Minsk Qrupu həmsədr ölkələri, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa Respublikası Prezidentləri Donald Tramp, Vladimir Putin və Emmanuel Makrona.

Surəti: ATƏT-in Minsk qrupunun həmsədrlərinə:
Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və Igor Popov (Rusiya)

Beynəlxalq və regional təşkilatlara

Müraciət

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa prezidentlərinin Dağlıq Qarabağa dair son Bəyanatlarını biz Azərbaycan QHT-ləri çox təəccüblə qarşıladıq. Siz, həmsədr ölkələrin rəhbərləri olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində baş verən şiddətin artmasını ən sərt şəkildə qınadığınızı və iştirak edən tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən çağırışla çıxış etmişiniz.

Müharibənin yalnız Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını çıxaracağı təqdirdə dayandırılması ilə bağlı ölkəmizin rəsmi mövqeyi ədalətli və beynəlxalq hüquqa uyğundur. Hesab edirik ki, Azərbaycana təzyiq etmək əvəzinə, sülhə nail olmaq üçün Ermənistana qoşunlarını Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarmasına təsir göstərilsəydi, daha ədalətli olardı.

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə boyu yaşayış məntəqələri ilə yanaşı Azərbaycan silahlı qüvvələrinin mövqelərinə iri çaplı silahlardan istifadə etməklə intensiv atəşə və Azərbaycana qarşı növbəti təcavüz aktına başlayıblar. Dinc əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan, yaşlı, qadın və uşaqlar da daxil olmaqla 19 mülki şəxsin həyatına son qoyub, çox sayda evə və mülki obyektə ciddi ziyan vurub.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətin tanıdığı suveren ərazilərində hərbi əməliyyatlar aparır.

Bu sadəcə özünümüdafiə əməliyyatlarıdır. Əsas məqsəd təmas xəttinə yaxın ərazilərdə yaşayan Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın davamlı olaraq həyata keçirdiyi təxribatların qarşısını almaq və sülhə məcbur etməkdir.

Beynəlxalq humanitar hüquqa və insan hüquqları prinsiplərinə uyğun olaraq hər bir dövlət əhalisini soyqırım, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumağa borcludur. Bu öhdəlik zəruri vasitələrlə bu cür cinayətlərin qarşısının alınmasını özündə ehtiva edir. Azərbaycan məhz bu öhdəlikdən irəli gələrək sülhə məcburetmə əməliyyatlarını həyata keçirir.
Beynəlxalq ictimaiyyət Azərbaycan kimi hərbi təcavüzə məruz qalan dövlətləri bu öhdəliyi həyata keçirməyə təşviq etməli və kömək etməlidir.

Ermənistan müharibə cinayətlərini dinc insanları öldürməklə və Orta Şərq ölkələrindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Azərbaycanın Dağlıq Qarabağ və bitişik rayonlarına erməni millətindən olan şəxslərin qanunsuz köçürülməsini təşkil etməklə həyata keçirir.

30 ildir səbrlə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini gözləmişik. Bizim yalnız bir tələbimiz var: Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz və tam azad edilsin. Əgər bu yerinə yetirilərsə, döyüş əməliyyatlarının dayandırılacağına, sülhün bərqərar olacağına və qan tökülməsinin dayandırılmasına əminik.

Nəhayət, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin, Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatları və Fransa Respublikasının Prezidentləri Donal Tramp, Vladimir Putin və Emmanuel Makrona və Minsk qrupunun həmsədrlərindən, ATƏT-in Minsk Grupunun mandatına əsasən münaqişənin iki tərəfi olan Ermənistan və Azərbaycanla münasibətlərdə mandatınıza uyğun olaraq qərəzsiz qalmağı tələb edirik.

Müraciət 367 QHT tərəfindən imzalanır