Saturday, 17 Apr 2021

QHT-lər Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

Bu gün Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib.

KİV-lərin yaydığı məlumata görə, QHT-lər ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, “Qarabağ Azərbaycandır”, “Fransa ədalətli ol”, “Beynəlxalq hüquqa hörmət elə”, “Fransa ATƏT-dən rədd ol!” kimi şüarlar səsləndiriliblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır. Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyirik.

Etirazçı QHT-lər Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: “Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın”.

Bəyanatı “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı”, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”, “Gənc Vətənpərvərlər”, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi və digər qeyri-hökumət təşkilatları imzalayıb.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar hökümətə tövsiyə xarakteri daşıyır.