Saturday, 17 Apr 2021

Şəhidlərimızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib

44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.

Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib. Eyni zamanda, bütün dini ibadətgahlarda (məscidlər, kilsələr, sinaqoqlarda) şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.

İşğaldan azad olunmuş Şüşa şəhərində də Şuşa qalasından asılmış Azərbaycan bayrağı fonunda əsgərlərimiz şəhidləri 1 dəqiqəlik sükutla yad etmişlər.

44 günlük müharibədə Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!