VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ DAİR MONİTORİNQ HESABATI

“Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması sahəsində dövlət orqanlarının hesabatlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Vətəndaşların müraciətlərinə baxılmasına dair Monitorinq Hesabatı hazırlanmışdır.

“Vətəndaşların müraciətlərinə baxılması sahəsində şəffaflığın və hesabatlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması üzrə növbəti monitorinqlər aparıb.

Monitorinqlər 2020-ci ilin aprel ayından noyabr ayındadək olan müddət əhatə edib. Monitorinqlərin məqsədi vətəndaşların müraciətlərinə baxılması sahəsində mövcud vəziyyətin dəyərləndirməsi, bu sahədəki problemlərin öyrənilməsi və daha təkmil hüquqi mühitin və təcrübənin formalaşmasına dəstək vermək olub.

Monitorinqlər əsasən 3 mərkəzi icra hakimiyyəti orqanında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) və 2 yerli icra hakimiyyəti orqanında (Binəqədi Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti) aparılıb və vətəndaşların müraciətlərinə baxılması, vətəndaş qəbulları və Çağrı Mərkəzləri/Qaynar Xətlərlə bağlı vəziyyətin öyrənilməsi və dəyərləndirilməsini əhatə edib. Monitorinqlər həmçinin, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet səhifələrində vətəndaşların müraciətləri üzrə məlumatların yetərliliyi və onlayn müraciətlərin
əlçatanlılığı üzrə aparılıb.

Monitoriqlər üzrə əldə edilmiş məlumatlar təhlil edilərək dəyərləndirilib və bu dəyərləndirmələr əsasında “Vətəndaşların müraciətlərinə dair Monitorinq Hesabat”ı hazırlanıb. Hesabatda monitorinq məqsədlərinə və fəaliyyyətlərinə uyğun olaraq “Yazılı və şifahi müraciətlər”, “Vətəndaşların qəbulları”, “Çağrı Mərkəzləri/Qaynar Xətlərin fəaliyyəti” bölmələri üzrə dəyərləndirmələr aparılıb.

Monitorinqlər üzrə nəticələr göstərib ki, vətəndaşların müraciətləri sahəsində müəyyən müsbət tendensiyalar olsa da, ümumilikdə vəziyyət müsbət istiqamətdə dəyişməyib. İstər vətəndaşların ərizə və şikayətlərinə baxılması, istər vətəndaşların qəbulları, istərsə də, Çağrı Mərkəzləri/Qaynar Xətlərin fəaliyyəti sahəsində mübət dəyişikliklər baş verməyib. Bununlarla yanaşı, monitorinqlərin aparıldığı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin də vətəndaşların müraciətlərinə baxılması prosesinə mənfi təsirləri olub.

Bu dövrdə Nazirlər Kabinetinin “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair” 17 mart 2020-ci il tarixli Təlimatı ilə vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınıb müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilib.

Maraqlıdır ki, bu Təlimata müvafiq olaraq vətəndaşların nə ərizə və şikayətləri, nə də özləri dövlət qulluqçiları tərəfindən birbaşa qəbul edilmədiyi halda, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üzrə ərizələr və onların özləri birbaşa qəbul edilib. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət məmurları tərəfindən
vətəndaşların müraciətləri ilə bağlı sui-istifadə hallarına da yol verilib, vətəndaşların onlayın qəbulları və videoqəbulları bir sıra kiçik istisnalarla, keçirilməyib. Bunlardan əlavə, 2020-2022-ci illər üzrə “Açıq Hökumətin Təşviqinə dair” Milli Fəaliyyət Planında vətəndaşların müraciətləri ilə bağlı birbaşa və dolayısı ilə 7 fəaliyyət
nəzərdə tutulub. Lakin “Asan müraciət” İnformasiya sisteminin yaradılması istisna olmaqla digər fəaliyyətlər üzrə konkret tədbirlər həyata keçirilməyib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında vətəndaşların ərizə və şikayətlərinin baxılması sahəsində ciddi problemlərin olduğunu dəfələrlə bildirib. Lakin indiyədək bu sahədə vəziyyət demək olar ki, dəyişməyib. Monitorinqlər göstərib ki, vətəndaşların ərizə və şikayətlərinə mahiyyəti üzrə qanuni baxılmaması səbəbindən məhkəmələrin iş yükü də xeyli artıb və bu dinamika getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Hesabatda qeyd edilən dəyərləndirmələrlə yanaşı vətəndaşların müraciətləri sahəsində praktikanın və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr də yer alıb. Hesab edirik ki, bu Hesabat müraciətlərin baxılması proseslərinə ictimai nəzarət xarakteri daşımaqla müraciətlər sahəsində problemlərin aradan qaldırılmasına, bu sahədə şəffaflığın və hesabatlılığın təmin olunmasına öz töhfəsini verəcək.

Hesabatın tam mətni ilə burada tanış ola bilərsiniz:

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ DAİR MONİTORİNQ HESABATI (1)

Hafiz Həsənov – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri