Qaynarinfo: Rusiya vurulmuş helikopterə görə Azərbaycana təsir göstərmək istəyir? (ŞƏRH)

Rusiya hərbi müstəntiqləri hazırda noyabrın 9-da Ermənistan üzərində vurulmuş helikopteri “qəsdən adam öldürmə” maddəsi ilə araşdırmağa başlayıblar. Hansı ki, daha əvvəl istintaq “ehtiyatsızlıq üzündən ölüm” maddəsi ilə aparılırdı.

Qeyd edək ki, Rusiyanın Mi-24 helikopteri Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı sülh razılaşmasının əldə edilməsinə cəmi bir neçə saat qalmış Ermənistan üzərindən uçarkən Azərbaycan regionu ilə sərhədin yaxınlığında vurulub, iki ekipaj üzvü ölüb və ikisi yaralanıb.

Azərbaycan XİN bəyan edib ki, Azərbaycan qoşunları vertolyotu təsadüfən vurub və Moskvadan üzr istəyib, kompensasiya ödəməyə hazır olduqlarını bildirib.
Rusiya mənbələri xəbər verir ki, əvvəlcə ehtiyatsızlıq üzündən insanların ölümünə səbəb olan uçuş qaydalarının pozulması haqqında iş açılıb.

Bildirilir ki, təqsirkarların ömürlük həbsinə səbəb ola biləcək qətldə ittihamlara keçid Moskva ilə Azərbaycan arasında münasibətləri çətinləşdirə bilər.

Beynəlxalq hüquq üzrə ekspert Ramil İskəndərli Mi-24 helikopteri ilə bağlı yaşananları Qaynarinfo-ya şərh edərkən bildirib ki, Rusiya bununla Azərbaycana təsir rıçaqlarını artırmağa da çalışa bilər:

“Maddənin hansı səbəbdən dəyişdirildiyini demək çətindir. Ancaq istintaq işi yekunlaşsa, onda bilmək olar ki, maddə hansı səbəbdən dəyişdirilib. Bildiyiniz kimi, Azərbaycan Baş Prokurorluğu da Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işi açıb, XİN üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bəyan edib. Görünənlər onu deməyə əsas verir ki, məsələ hüquqi yox, daha çox siyasi baxımdan aktuallaşdırılıb. Amma hesab eləmirəm ki, bu, ölkələr arasında hər hansı bir gərginliyə gətirib çıxarsın. Dediyim kimi, regiondakı vəziyyətlə əlaqədar olaraq Rusiya bundan ancaq Azərbaycana qarşı təsir rıçağı kimi istifadə edə bilər. Bunu həmişə nəzərdə saxlamaq lazımdır.

Başqa tərəfdən isə deyə bilərik ki, sözügedən cinayət işi ölkələrə yox, fərdlərə açılıb. Proqnoz etmək olar ki, ölkələrarası münasibətlərin mövcud vəziyyəti bu məsələnin daha sakit formada həll olunmasına imkan verəcək. Və hüquqi baxımdan bu məsələ tez bir zamanda həll edilərək geniş müzakirələrə səbəb olmayacaq…”

Orxan Əhmədli
Qaynarinfo.az