Sunday, 11 Apr 2021

Dövlət proqramlarının icrasının effektivliyinin ölçülməsində yeni mərhələ

2021-ci ili n mart ayının 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiq edilmişdir. Bu qaydalar barədə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli öz fikrini verdiyi açıqlamada bildirmişdir. Açıqlamada deyilir ki, “bu Qayda dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi məsələlərini tənzimləyir. Qaydaya əsasən, Monitorinq – dövlət proqramı üzrə məlumatların sistemli toplanması yolu ilə həmin dövlət proqramında qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə nəzərdən keçirilməsi, Qiymətləndirmə isə – dövlət proqramının icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi və dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması səviyyəsinin, səmərəliliyinin, effektivliyinin, yekun nəticələrinin, uyğunluğunun və davamlılığının müəyyən edilməsidir”.

Nəticəyə əsaslanmış monitorinq və qiymətləndirmə

Ramil İskəndərli daha sonra açıqlamasında bildirir ki, “bu Qaydanın xüsusi özəlliyi və innovativliyi digər məsələlərlə birgə həmçinin əsas etibarilə bundan sonra dövlət proqramlarının tərtibində ənənəvi olaraq görüləcək işin adı, müddəti, məsul icraçı orqanlardan əlavə nəticə indikatorları qeyd olunacaqdır. Burada ilkin, aralıq və yekun nəticələr öz əksini tapacaqdır.

Bu innovativlik əslində dövlət proqramlarının icrasının hesabatı zamanı, əlaqədar qurumlar nəinki görülmüş işlər və onları icra müddətləri, eyni zamanda işlər nəticəsində əldə olunmuş nəticələrin ölçüləbilən səviyyədə həyata keçirilməsinə rəvac verəcək. Burada nəticəyə əsaslanan fəaliyyətlərin monitorinq və qiymətləndirməsinin aparılması gözlənilir”.

Nəticəyə əsaslanan monitorinq və qiymətləndirilmə isə, Ramil İskəndərlinin fikrincə, həm kəmiyyət, həm də keyfiyyət baxımından bu və ya digər sahədə həyata keçrilmiş dövlət proqramının nə dərcədə gözlənilən nəticələrin əldə olunması məsələsinə tam aydınlıq gətirəcəkdir.

“Nəticələrə əsaslanan monitorinq və qiymətləndirmə (RbM), şəffaf və məntiqi çərçivədə yanaşmaya əsaslanan nəticələrin və performansın izlənilməsinə və təsirinin qiymətləndirmə yolu ilə ölçməyə əsas verən sistematik bir yanaşmadır. Monitorinq, həm program, həm də maliyyə fəaliyyətində nəticələrin əldə edilməsində rəhbərliyə davamlı irəliləyişin və ya çatışmazlığın göstərilməsini davamlı təmin edən qurulmuş daxili nəzarət təcrübəsidir. Bu cür daxili nəzarət, səmərəliliyin artırılması, təşkilati öyrənmə və məlumatlı şəkildə qərar qəbuletmə, habelə prosesdə iştirak edən bütün maraqlı tərəflərin hesabatlılıq və şəffaflığın təmin edilməsi kimi məqsədə xidmət edir. Nəticədə, monitorinq səyləri ümumi qiymətləndirməyə, yəni davam edən və ya tamamlanan bir fəaliyyətin, proqramın və ya siyasətin, onun dizaynı, həyata keçirilməsinin və nəticələrinin sistematik və obyektiv qiymətləndirilməsidir”.

İctimai iştirakçılıq

Dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın təmini və ictimai nəzarətin bərqərar olması məsələsinə toxunan təşkilat rəhbəri, açıqlamasında qeyd etmişdir ki, “Qaydanın digər bir özəlliyi ondan ibarətdir ki, Qaydaya uyğun olaraq dövlət proqramının tərtib edilməsi prosesinə beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər və digər maraqlı tərəflər cəlb oluna biləcəkdir. Eyni zamanda, Qaydanın digər bir bəndinə əsasən Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi zamanı mütəxəssislərlə müzakirələrin təşkili həyata keçiriləcəkdir ki, burada da bu müzakirələrə beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti təsisatlarını, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri cəlb edilməsi nəzərdə tutulur.Gördüyümüz kimi, ictami iştirakçılıq məsələsi də dövlət proqramlarının həm tərtibi, həm də icrasının monitorinqi zamanı nəzərə alınmışdır”.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri hesab edir ki,  bu Qayda mütərəqqi və innovativ olmaqla yanaşı, eyni zamanda vətəndaş cəmiyyəti təsisatlarının ictimai nəzarət funksiyalarının daha effektiv şəkildə həyata keçirilməsinin qanunverici imkanlarının artması ilə səciyyələndirilməlidir. Bu isə əminlikliklə deməyə əsas verir ki, son nəticədə dövlət proqramlarının icrasının effektivliyi keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirəcək”.