QHT sədri: Co Baydenin məktubu erməni diasporuna verilən cavab idi

ABŞ Azərbaycan hökuməti ilə əməkdaşlığa sadiqliyini nümayiş etdirdi

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda xüsusi məqamlara toxunulub”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R.İskəndərlinin fikrincə, bu günə qədər hər hansı bir dövlət başçısı tərəfindən göndərilən məktublarda Dağlıq Qarabağın statusu ilə bağlı məqamlar yer alırdı. Co Baydenin məktubunda belə məqamlarla qarşılaşmırıq: “ABŞ Prezidenti öz məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalacaqlarını bildirib.

Maraq çəkən digər məqam ondan ibarətdir ki, məktubda iqtisadi əməkdaşlıq sahəsində yeni məqamların araşdırılması da qeyd olunur. Co Bayden Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səyləri dəstəklədiyini ifadə edib. Eyni zamanda, Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

QHT sədri bildirib ki, Co Baydenin məktubu həm də erməni diasporuna verilən cavab idi: “Bu yaxınlarda ABŞ Konqresində Nümayəndələr Palatasının Erməni məsələləri üzrə Komitəsinin həmsədrləri tərəfindən təqdim olunan qətnamənin heç bir hüquqi əsası olmadığı bir daha ortaya çıxır. Aydın olur ki, ABŞ dövlət olaraq Konqresdə heç bir həqiqəti əks etdirməyən layihələri dəstəkləmir. Bu, ABŞ-ın yeni Administrasiyasının Azərbaycan hökuməti ilə əməkdaşlığa sadiq olduğunu bir daha nümayiş etdirdi. Co Baydenin Azərbaycana müsbət məqamda yaxınlaşması ilk dəfə deyil. Xatırlayaq ki, 2016-cı ildə Co Bayden ABŞ-ın vitse prezidenti olduğu zamanlarda Prezident İlham Əliyevlə görüşündə ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdı”.

R. İskəndərli qeyd edib ki, Co Baydenin ABŞ-ın Prezidenti seçilməsi ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açıldı: “İkili münasibətlərin qarşıdakı illərdə daha da inkişaf etdirilməsində Birləşmiş Ştatların yeni Administrasiyasının yetərincə maraqlı olduğu Baydenin məktubundan da görünür. ABŞ-la münasibətlərin inkişaf etməsi ölkəmizin beynəlxalq müstəvidə çəkisinin bir qədər də artmasına xidmət edəcək”.

Nigar Orucova, “İki sahil”