1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə Bağlı Açıqlama

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Açıqlama.

Son illər Azərbaycanda Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsi icraatı sisteminin (Yuvenal Ədliyyə sistemi) inkışaf etdirilməsi sahəsində dərin islahatlar həyata keçirilməkdədir.

Burada əsasən Azərbaycanın qoşulduğu BMT-nin Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların tətbiqi ilə bağlı BMT-in Standart Minimum Qaydalarına tam uyğun olaraq, yetkinlik yaşına çatmayan məhkum olunan şəxslərə nəzərən azadlıqdan məhrum etməyə alternativ cəza tədbirlərinin Azərbaycanda istifadəsinın artması sahəsində müsbət tendensiya dinamikasının mövcudluğunu qeyd etmək lazımdır.

7-12 Mart 2021-ci ildə Yaponiyanın Kiyoto şəhərində keçirilmiş BMT-nin Cinayətlərin qarşısının alınması və Cinayət Ədliyyəsi məsələləri üzrə 14-cü Konqresində qəbul edilmiş Kiyoto deklarasiyasına əsasən, BMT-nin üzv ölkələrinə Cinayət mühakiməsi sisteminin ümumi effektivliyini və potensialını artırmaq, o cümlədən məhkəməyə qədər həbs qətimkan tədbiri alternativlərindən istifadə etmək və cəzaçəkmə müəssisələrində, cinayətkarların ehtiyac və risklərinin fərdi qiymətləndirilməsinə əsaslanan effektiv reabilitasiya proqramlarının dizaynı və tətbiqi yolu ilə bərpaedici mühitin təşviq edilməsi tövsiyyə edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin son rəsmi statistik məlumatlarına əsasən, 14-17 yaşda olan məhkumlara tətbiq olunmuş cəza tədbirləri statistikasına baxsaq, görürük ki, 288 nəfər məhkum olunmuş uşaqların 72 nəfəri azadlıqdan məhrum etmə cəza tədbiri ilə üzləşmişlər. Məhkum uşaqların qalan hissəsi üzrə müxtəlif növ alternativ cəza tədbirləri (cərimələr, islah işləri, ictimai işlər və digər) tətbiq edilmişdir.

Ölkədə 14-17 yaş arasında olan uşaqlar və onların iştirakı ilə 323 cinayət törədilmiş və 288 uşaq məhkum olunmuşdur. Əvəllki illərə nisbətən daha az cinayət törədilmiş və daha az uşaq məhkum olunmuşdur. 14-17 yaş arasında olan uşaqlar və onların iştirakı ilə törədilmiş cinayətlər Azərbaycanda ümumilikdə törədilmiş cinayətlərin təxminən 1,2%-ni təşkil etmişdir.  

Bundan başqa Azərbaycanda Probasiya xidmətinin yaranması azadlıqdan məhrum etməyə alternativ olaraq, məhkumun azadlıqda qalaraq cəmiyyətə inteqrasiyasına mane olmadan azadlığının məhdudlaşdırılması ilə cəza tədbirlərinin seçilməsi və icra olunması  bu müsbət tendensiyanın daha da möhkəmlənməsinə dəlalət etmişdir.

Yuxarıda sadalanan müsbət dinamikanın davam etməsi, yuvenal ədliyyə sisteminin işkişafı sahəsində görülən işləri qeyd etməklə yanaşı, Azərbaycanda yuvenal ədliyyə sisteminin təkmilləşdirilməsi sahəsində aşağıdakı işlərin həyata keçməsinə ehtiyac vardır:

  • Yetkinlik yaşına çatmayan şəxslərə qarşı maksimum azadlıqdan məhrumetmə cəzası müddətinin aşağı salınması,
  • Yuvenal Ədliyyə sistemi sahəsində çərçivə qanunun – “Yuvenal ədliyyə” haqqında qanunun qəbul edilməsi imkanlarının araşdırılması,
  • Azərbaycanda yuvenal ədliyyə sistemi sahəsində fəaliyyət göstərən əlaqədar dövlət qurumlarının və yerli qeyri-hökümət təşkilatlarının fəaliyyətinin koordinasiya olunması,
  • Cinayət və hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayan şəxslərin həbsə alternativ qəti-imkan tədbirlərin seçilməsinn təşviqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi, onların cəmiyyətdən ayrılmadan reabilitasiyası və sosial inteqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi,  
  • Uşaqların məxfilik və şəxsi həyat sirrinin qorunması sahəsində KİV-lər və QHT-lərin biliklərinin artırılması sahəsində tədbirlərin təşkili,
  • Yuvenal ədliyyə sahəsində məhkəmə, hüquq-mühafizə, vəkillik və əlaqədar mərkəzi və yerli icra orqanlarında ixtisaslaşmış kadrların hazırlanması sahəsində görülən tədbirlərin davam etdirilməsi,
  • Azərbaycanda yuvenal ədliyyə sahəsində çalışan yerli QHT-lər, fərdi mütəxəssislər və vətəndaş cəmiyyəti təsisatlarının Yuvenal Ədliyyənin inkışaf etdirilməsi sahəsində fəaliyyətinin daha da gücləndirilməsi üçün dövlət dəstəyinin artırılması.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri