“İndi növbə vətəndaş cəmiyyəti təsisatlarındadır ki, göstərilən etimadı doğrultsun” – Ramil Iskəndərli

Prezident İlham Əliyev vətəndaş cəmiyyəti sektorunda yeni dinamika və müsbət dəyişikliklərin hüquqi bazasını yaratdı

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin sədri  Ramil İskəndərli “İki Sahil” qəzetinə açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında vətəndaş cəmiyyətinə, və konkret olaraq qeyri-hökümət təşkilatlarının fəaliyyətinə ictimai nəzarət və ictimai iştirakçılıq baxımından böyük önəm verdiyini qeyd etmişdir. Bunun davamı olaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə, onların problemlərinin öyrənilməsi və təkliflərin alınması baxımından son dərəcə əhəmiyyətli görüşün keçirilməsi bir daha Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin yeni formatda və yeni keyfiyyətdə inkişaf etməsində maraqlı olduğunu göstərdi. İctimai sektorda əsas müsbət dəyişiklik, Prezidentin imzası ilə QHT-lərə Dövlət Dəstək Agentliyinin yaradılması, Agentliyin Nizamnaməsinin qəbul edilməsi və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi olmuşdur. Prezident İlham Əliyev bununla vətəndaş cəmiyyəti sektorunda yeni dinamika və müsbət dəyişikliklərin hüquqi bazasını yaratmış oldu.

İndi növbə vətəndaş cəmiyyəti təsisatlarındadır ki,  göstərilən etimadı doğrultsun

Həmsöhbətimiz vurğulayıb ki, son günlər Agentliyin Müşahidə Şurasının üzvlərinin QHT-lərlə silsilə onlayn görüşləri keçirilir: “Burada xüsusi olaraq vurğulanır ki, Agentliyin QHT-lərə nəzərən milli donor rolunun onun əsas funksiyası olduğunu nəzərə alaraq, təklifim əsasən ondan ibarətdir ki, keçmiş təcrübədə tətbiq olunan kütləvilik prinsipindən əl çəkib, keyfiyyətli rəqabət prinsipinə keçmək lazımdır. Bu nəinki Agentliyin qrant programlarında, eləcə də QHT-lərə digər növ dəstəyin göstərilməsində (məsələn konsultativ) özünü büruzə verməlidir. Yəni Agentliyin məqsədi artıq, sələfi QHT Şurasında olduğu kimi mümkün qədər çox QHT əhatə etmək yox, daha çox sayından asılı olmayaraq, keyfiyyətli və məsuliyyətli layihə icrasına nail olmaqdır. Yalnız bu prinsipin tətbiqi ilə QHT sektoru mahiyyətçə və keyfiyyətçə daha çox inkişaf edəcək və ən əsası Prezidentin Vətəndaş cəmiyyəti sektorundan gözləntilərinə cavab verəcəkdir. İndi növbə vətəndaş cəmiyyəti təsisatlarındadır ki,  göstərilən etimadı doğrultsun.”

Bu boşluğu aradan qaldırmaq üçün təklif edərdim ki, qrant proqramları…

R.İskəndərli  QHT-lərin mövcud durumundan bəhs edərkən bildirib ki,  təşkilatların maddi-texniki bazasının zəifdir: “Bu həmçinin bilik, bacarıq və səriştə baxımından keyfiyyətli fəaliyyət göstərən QHT-lərə də aiddir. Bu boşluğu aradan qaldırmaq üçün təklif edərdim ki, qrant proqramlarının ilkin mərhələlərində qoyulan qaydalarda təşkilatı və inzibati xərclər, proqram fəaliyyəti xərcləri ilə müqayisədə üstünlüyə malik olsun. Qrant alan təşkilatlar bu üstünlüklərdən yararlanıb, gəcələk mərhələlərdə daha çox birbaşa fəaliyyət proqramlarına tədricən üstünlük verərək stabil QHT-lərə çevriləcəklər.

Agentlik dövlət-QHT əməkdaşlığını koordinasiya etməlidir

Müsahibimiz Agentlik fəaliyyətində xüsusi önəm kəsb edən məsələlərdən də söz açıb:”Agentlik QHT-lərin institutsional inkişafı üçün layihələrin təqdim olunması,  özəl sektorla QHT-lər arasında şirkətlərin Korporativ Sosial Məsuliyyət proqramları çərçivəsində QHT-Biznes arasında körpü rolunu oynamaq, biznes sektorla birgə qrant layihələri həyat keçirmək, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən hesabatların, təqdimatların yazılmasında QHT-lərin rolunun artırılması və əlaqədar orqanlarla koordinasiya edilməklə, işçi qrup formatında effektiv mexanizm yaratmaq, beyin mərkəzləri, fikir və düşüncə qruplarının, araşdırma, təhlil və tədqiqat mərkəzlərinin fəaliyyətinə dəstək və müstəqil inkişaf mexanizmlərinin yaradılmasında dövlət-QHT əməkdaşlığını koordinasiya etməlidir.”

Yaqut Ağaşahqızı, “İki sahil”