TƏHLİL – “Münaqişədən sonrakı inkişaf prosesində QHT-lərin rolu”. Ramil İskəndərli

“Münaqişədən sonrakı inkişaf prosesində QHT-lərin rolu”.

TƏHLİL

Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Giriş

2020-ci ilin Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri silahlardan – kalibrli silahlar, minaatan və müxtəlif çaplı silahlardan geniş istifadə etməklə cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv hücum edərək, Azərbaycana qarşı növbəti təcavüz aktına başladılar. Dinc əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəf alan Ermənistan, yaşlı, qadın və uşaq kimi mülki şəxslərin tələfatına səbəb olan, çoxlu sayda evə və mülki obyektə ciddi ziyan beynəlxalq humanitar hüquqa və beynəlxalq adətlərə zidd olan cinayətləri törətmişdir.[i]

Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan və Azərbaycan Respublikasının suveren ərazilərində müdafiə təşkili fəaliyyətini həyata keçirərək, beynəlxalq huquqla təsbit olunan ərazi toxunuzmazlığını və mülki əhalini qorumaq məqsədilə əks-həmlə xarakterli Ermənistanı sülhə məcburetmə əməliyyatları həyata keçirməklə, 30 ilədək işğal altında olan ərazilərini azad edilmişdir.  Bu əməliyyatlar üçün əsas beynəlxalq hüquqi baza isə Qarabağ münaqişəsi barədə, o cümlədən erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı tədbirlərin görülməsini zəruri edən BMT təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr olmuşdur[ii].

Ümumiyyətlə 10 noyabr razılaşması Azərbaycan Prezidenti dediyi kimi, yalnız atəşkəs razılaşması deyildir. Bu razılaşma eyni zamanda münaqişə sonrası çox əhəmiyyətli inkişaf məsələlərini də əhatə edir. Misal üçün Zəngəzur dəhlizinin açılması heç də atəşkəşə birbaşa aidiyyatı yoxdur və əsasən kompleks inkişaf və iqtisadi məsələləri özündə ehtiva edir.

Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyannamənin imzalanmasından sonra 10 noyabr 2021-ci ildən etibarən Azərbaycan Prezidenti, Qarabağın yenidən qurulmasına əsas prioritet vermişdir. İlham Əliyev bildirmişdir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbi cinayətlər törətmiş, və qarşımızda böyük bir problem yaratmışdır ki, bunun nəticəsində azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ilə bağlı qarşımızda böyük bir vəzifə qoymuşdur. Bu işlər üçün bütün lazımi tədbirlər görülmüş  və Prezident tərəfindən maliyyə vəsaiti də ayrılmişdır.

Müharibə nəticəsində bir çox ərazi mina və digər partlamamış hərbi sursatlarla qalmışdır və bu da mülki əhali üçün əhəmiyyətli dərəcədə riskin qalmaqda davam etməsi deməkdir. Bu cür şəratidə işğaldan azad olunmuş ərazilərdə bərpa və inkişaf prosesində dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolu mühüm əhəmiyyət kəsb edir.

Münaqişədən sonrakı kontekst keçmiş müharibə və gələcək sülh ilə məhdudlaşan bir keçid dövrü, bir sıra yeni problemlər gətirən bir dövr kimi səciyyələndirilə bilər. İstər müharibənin nəticəsində könüllü, istərsə də sülhə məcburetmə vasitəsilə ilə imzalanan saziş olsun, müharibənin sona çatması əldə olunmuş razılığın möhkəmləndirmək üçün bir zamandır. Andrew Cunnigham beynəlxalq aktorlar üçün bu keçid dövrlərinin uyğunlaşma tələb etdiyini ideyasını müdafiə edir. Beynəlxalq inkişaf agentlikləri kimi döyüşlər bitdikdən sonra səhnəyə yeni aktorlar da daxil ola bilər. Qeyri-hökümət təşkilatları da keçid dövrlərinə uyğunlaşmaq üçün xüsusilə çətinliklər yaşayırlar[iii].

Bu yazının məqsədi, Azərbaycan da daxil olmaqla, münaqişə sonrası cəmiyyətlərdə inkişaf prosesində QHT-lərin rolunu təsvir etməkdir. Münaqişədən sonrakı dövrdə olan ölkələrin əksəriyyətində qeyri-hökumət təşkilatları aktiv fəaliyyət göstərirlər. Bu sahədə mütəxəssis Patrice McMahon, illərlə apardığı sahə işlərindən və araşdırmalarından istifadə edərək, beynəlxalq aktorların münaqişə sonrası ölkələri yenidən qurmağa və bərpa etməyə çalışdıqları zaman tez-tez yerli QHT-lərə xidmətlərinə güvəndiyini iddia edir[iv]. Bu sahədə siyasət hazırlayanlar və mütəxəssislər QHT-lərin münaqişədən sonrakı və keçid dövründə iştirakını qəbul etməyə, QHT-lərin bu proses zamanı nə etdiklərini və insanların gündəlik həyatına necə təsir etdiklərini araşdırırlar.

Avropa İttifaqının münaqişədən sonrakı inkişaf prosesində rolu

Bir çox ölkələrdə münaqişədən sonrakı dövrdə beynəlxalq qurumlar aktiv rol oynamağa çalışırlar. Avropa Komissiyası bu aktorlardan biridir. Avropa İttifaqı və onun üzv ölkələrinin üçdə biri Azərbaycanın əsas tərəfdaşlarındandırlar və Şərq Tərəfdaşlığı daxil olmaqla islahatlarda və işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi bərpa prosesində Azərbaycana dəstək verirlər.  Avropa İttifaqı münaqişədən sonrakı dövrdə sabitləşmə, və etimadın yaradılması və barışıq tədbirlərinin dəstəklənməsi də daxil olmaqla davamlı və hərtərəfli nizamlanmanın formalaşmasında fəal rol oynamağa çalışır. Cənubi Qafqazda dayanıqlığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində, Avropa Komissiyası 2021-ci ilin mayında son münaqişədən zərərçəkən mülki insanlara yardım üçün 10 milyon avro əlavə humanitar yardım ayırma vədini verdi. Bu, 2020-ci ilin sentyabrında döyüş əməliyyatları başlayandan bəri ehtiyac duyan insanlara Avropa İttifaqının köməyini ümumilikdə 17 milyon avroya çatdırdı.

Avropa Komissiyasının Böhran vəziyyətlərinin İdarəetməsi üzrə Komissarı Janez Lenarčič çıxışlarının birində demişdir ki, “COVID-19 pandemiyasının yayılması münaqişənin təsirini daha da artırması ilə bölgədəki humanitar vəziyyət diqqətimizi cəlb etməyə davam edir. Avropa İttifaqı insanlara Əsas ehtiyaclarını ödəmək və həyatlarını yenidən qurmaq üçün kömək üçün dəstəyini əhəmiyyətli dərəcədə artırır” demişdir.[v]

“Avropa İttifaqı bölgədə sülhün əldə olunmasında müsbət rol oynamağa hazırdır” deyə Aİ Şurasının sədri Şarl Mişel 1921-ci il iyulun 18-də Cənubi Qafqaz bölgəsinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirmişdir. O, Ermənistana səfəri zamanı Ermənistan rəsmiləri ilə barışıq üçün hansı addımların atıla biləcəyini də müzakirə etdiyini vurğulamışdır: “Sülh və tərəqqiyə nail olmaq üçün nə etməli olduğumuzu, sabitliyi və təhlükəsizliyi təmin etmək üçün hansı elementləri nəzərə almalı olduğumuzu düşünməliyik ”.

Avropa İttifaqı humanitar yardım və bərpa səylərinin koordinasiyasını dəstəkləmək üçün yerlərdəki humanitar tərəfdaşlar və digər maraqlı tərəflərlə sıx təmasdadır” .

Lakin burada buir məsələni də qeyd etmək yerinə düşər ki, Sarl Mişelin Bakıya səfəri zamanı dediyi kimi, Avropa İttifaqının Cənubi Qafqaz regionunda Azərbaycanla münasibətləri, Ermənistan və Gürcüstanla qurulan münasibətlərdən fərqli olaraq “donor-resipient, maliyyə verən və maliyyə alan, yardım göstərən və yardımı alan” prinsipləri ilə deyil, birgə və bərabər əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur.

Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin münaqişədən sonrakı dövrdə əhəmiyyəti

Tanımış beynəlxalq kspert Doktor Mahmud Ul-Hassan Xan öz yazısında qeyd edir ki, “Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqaz Bölgəsi sosial-iqtisadi inteqrasiyanın, geosiyasi manevrlərin və geostrateji güzəştlərin yeni “mərkəzinə” çevrildi. Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə Müttəfiqliyə dair elə bir Bəyannamə imzaladılar ki, bu üçüncü bir ölkənin təhdidi və ya hücumu halında bir-birlərini dəstəkləyəcəkləri öhdəliklərini üzrərilərinə götürən bir razılaşma oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, keçən il Qarabağ bölgəsindəki Ermənistanla müharibə zamanı Azərbaycan qüvvələri tərəfindən azad edilmiş Şuşa şəhərinə səfəri zamanı bu vacib razılaşmanı imzaladılar. Qeyd etmək vacibdir ki, Bəyannamədə Zəngəzur dəhlizinin Qarabağ bölgəsindən Naxçıvan və Türkiyənin şərq Qars vilayətindən keçən bir dəmir yolu xəttinə açılmasının başa çatdırılması nəzərdə tutulur. Türkiyə Qarabağ bölgəsinin bərpası üçün Azərbaycana dəstək olmaq üçün Şuşada bir baş konsulluq da açacaq.”[vi]

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında müdafiə, iqtisadiyyat, enerji, ticarət, diaspora və media sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı asanlaşdırmağı hədəfləyir. Prezident İlham Əliyev bildirmişdir ki, bəyannamə bir əsr əvvəl imzalanan və iki ölkə üçün böyük bir simvolik məna daşıyan Qars müqaviləsinin davamıdır.

Bəyannamə beynəlxalq səviyyədə regional əməkdaşlığı, ortaq işbirliklərini, siyasi məsləhətləşmələri, iqtisadi və ticarət əlaqələrini, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və praktiki olaraq bütün digər sahələri təşviq edir. Enerji təhlükəsizliyinin və Cənub Qaz Dəhlizinin (SGC) Türkiyə, Azərbaycan və Avropa üçün əhəmiyyətini vurğulayır.

Beynəlxalq və yerli QHT-lərin münaqişədən sonrakı dövrdəki inkişaf prosesində rolu

BMT Təhlükəsizlik Şurasının 20 sentyabr 2005-ci il tarixdə keçirilmiş 5264-cü iclasında[vii] Şuranın “Münaqişələrin qarşısının alınmasında və mübahisələrin sülh yolu ilə həll edilməsində vətəndaş cəmiyyətinin rolu” adlı müzakirələrlə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının Prezidenti Şura adından verdiyi açıqlamada demişdir ki: “Beynəlxalq sülh və təhlükəsizlik üçün təhdidlərin mürəkkəb mahiyyətini qəbul edən Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VI fəsli ilə uyğun olaraq münaqişələrin qarşısının alınması və mübahisələrin sülh yolu ilə həlli üçün geniş bir strategiyanın zəruriliyini vurğulamışdır. “Təhlükəsizlik Şurası münaqişələrin qarşısının alınması üçün əsas məsuliyyətin milli hökumətlərin üzərinə düşdüyünü və Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq cəmiyyətin münaqişələrin qarşısının alınması üçün milli səylərin dəstəklənməsində mühüm rol oynaya biləcəyini və bu sahədə milli potensialın artırılmasına kömək edə biləcəyini vurğulamışdır. Həmin açıqlamada Vətəndaş cəmiyyətinin vacib dəstək rolunun tanınmasını da qeyd etmişdir.

 “Təhlükəsizlik Şurası, bu strategiyanın mümkün qədər geniş fikir müxtəlifliyini əks etdirən hökumətlər, regional və subregional təşkilatlarla, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əlaqəyə əsaslanaraq həyata keçirilməsinin lazım olduğunu təsdiqlədi. “Aktiv bir vətəndaş cəmiyyətinin münaqişələrin qarşısının alınmasında və mübahisələrin sülh yolu ilə həll edilməsində potensial töhfələri vurğulanmışdır. Yaxşı işləyən bir vətəndaş cəmiyyətinin xüsusi bilik, bacarıq, təcrübə, mübahisələrin sülh yolu ilə həllinə nail olmaq üçün münaqişə tərəflərinə kömək edə biləcək səviyyədə olmalıdırlar. “Təhlükəsizlik Şurası, güclü və əhatəli bir vətəndaş cəmiyyətinin icma liderliyini təmin edə biləcəyini, ictimai rəyin formalaşmasına kömək edə biləcəyini və ziddiyyətli icmalar arasında barışığa köməkçi ola biləcəyini qeyd etmişdır. Təhlükəsizlik Şurası bu aktorların münaqişə tərəfləri arasında dialoqa və digər etimad tədbirlərinə bir körpü rolunu oynaya biləcəyini də vurğulamışdır. Münaqişələrin həlli tərəflər arasındakı qarşıdurmanın sona çatdığı, aralarındakı münasibətlərin sabitləşdiyi bir müddətdir.  Müasir konfliktologiya münaqişənin tənzimlənməsinin iki əsas formasını ayırd edir: münaqişənin “konsolidasiyası” (tamamlanması) və münaqişənin həlli.  Bu səbəbdən də münaqişənin nəticəsi onun həllinə nail olmaq üçün vacibdir. Münaqişənin həlli ilə bütün maraqlı tərəflərin qarşılıqlı münasibətlər qurduğu, qarşılıqlı tərəflərin hər tərəfin mövqelərini və uyğun baxışlarını, mövqelərini qurduqları vəziyyət başa düşülür”.

Azərbaycandakı münaqişədən sonrakı vəziyyətə nəzər salsaq, QHT-lərin əsasən üç istiqamətdə müəyyən bir rolunu görə bilərik: münaqişə qurbanlarına və ailələrinə dəstək, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesi və sülh quruculuğu fəaliyyətində iştirakı. QHT-lər münaqişələrin yaratdığı insanlara zərərin azaldılması üçün əhaliyə yardım etməklə aktivdirlər. Bundan əlavə, onların iştirakı hər hansı bir illərlə davam edən qarşıdurmanın transformasiyası üçün çox vacib əhəmiyyət daşıyır.

Beynəlxalq QHT-lərin müharibə dövründə əsasən birbaşa yox, dolayı rolu olmuşdur. Onların əhəmiyyətli rollarından da biri də müharibə dövründə Ermənistan tərəfindən törədilən cinayət faktlarının təsdiqlənməsi olmuşdur. Belə ki, Amnesty International, Azərbaycanın Bərdə şəhərinə edilən hücumdan sonra 44 günlük müharibədə ilk dəfə Ermənistan tərəfindən qadağan edilmiş bombaların istifadəsini təsdiqləmişdir. Bir və ya bir neçə Smerç roketi Bərdəyə atılmiş və xəstəxanaya yaxın yaşayış məhəlləsinə zərbə endirmişdir. Ən azı 21 nəfər ölmüş, təxminən 70 nəfər yaralanmışdır. Amnesty International’ın Böhran Vəziyyəti üzrə məsul ekspertləri, şəhərə erməni qüvvələri tərəfindən atıldığı görünən Rusiya istehsalı olan 9M55 Smerch raketlərindən 9N235 toplu sursat parçalarının şəkillərini təsdiqləmişdir. Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Marie Struthers, “Silahlı mühimmatların mülki bölgələrə atəş edilməsi amansız addımdır və saysız ölüm və yaralanma səbəb olmuşdur” dedi[viii].

Beynəlxalq Krizis qrupunun açıqlamasına əsasən isə, münaqişələrdən zərərçəkən ərazilərə daha çox yardım göstərilməsini vurğulamışdır. Lakin onlar daha çox zərərçəkən dedikdə, nədənsə əsasən Xankəndini nəzərdə tuturlar. Onlar qeyd edirlər ki, indiki şəraitdə Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə nə Xankəndinin, nə də İrəvanın müharibədən sonrakı xaosla təkbaşına mübarizə aparmaq üçün resursları yoxdur, uzunmüddətli humanitar böhran və insanların uzunmüddətli yerdəyişməsi, köçüb getməsi riski var. Ermənistan, evlərinə qayıdan Xankəndi sakinlərini yerləşdirməyə çətinlik çəkir. Lakin faktiki olaraq səlahiyyətlilərin müharibənin nəticələrini idarə etmək vəzifəsi olsa da, resurslar, fondlar da Azərbaycanla müqayisədə Ermənistanda məhduddur. Beynəlxalq Krizis Qrupu belə hesab etmişdir ki[ix], BMT qurumları, QHT-lər və xarici hökumətlər köçkünlərə kömək etmək yükünü öz üzərlərinə götürməklə kömək edə bilər – lakin Xankəndi ərazisində bu mümkünsüzdür. Qarabağda Rus sülhmərmalıların yerləşdiyi ərazidə işləyən yeganə beynəlxalq təşkilat 1990-cı illərdən orada fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Qalanları bu bölgədə yoxdur. Rusiya, beynəlxalq humanitar təşkilatların, yardım agentliklərinin əraziyə daxil olduğu təqdirdə bu cür yardımı asanlaşdırmağa kömək etməyə hazır olduğunu özbaşına şəkildə söyləmişdir.[x]

Burada mən əlavə etməliyəm ki, Azərbaycanın icazəsi olmadan təbii ki, bu cür fəaliyyət hüquqi baxımdan mümkün deyildir və ola da bilməz.

QHT-lərin Sülh quruculuğunda rolu

QHT-lərin sülh quruculuğu rolundan danışırıqsa, ümumiyyətlə deməliyəm ki, sülh quruculuğunun əsas məqsədi münaqişəni konstruktiv şəkildə həll etmək, onun əsas komponentlərinə düzəliş etmək və ən əsası strateji düşüncəni və fərqli aktorların müxtəlif qarşılıqlı əlaqə yollarını müəyyən etməkdir. Beynəlxalq sülh quruculuğu üzrə fəaliyyət göstərən QHT-lər birbaşa tətbiqedicilər ola bilər, lakin getdikcə daha çox münaqişə cəbhəsində daha kiçik miqyaslı yerli barışıq cəhdlərinə imkan yaradan potensial vasitəçilər kimi xidmət edirlər. Barışıq quran QHT cəmiyyəti mövcudluğu üçün bir neçə donora (ilk növbədə ABŞ, Almaniya, İngiltərə, Norveç, İsveç və Hollandiyaya) etibar edir.

Qeyri-hökumət təşkilatlarının, xüsusən də yerli qurumların bir sıra maliyyələşdirmə problemləri var. Bəzi hallarda, ümumiyyətlə donordan maliyyə almırlar. Təcrübə göstərir ki, donorların dəstəkləməyə hazır olduqları – münaqişədən sonrakı dövrdə sülh quruculuğunun həqiqi ehtiyacları (məsələn, inam və ya barışığın təşviqi) ödənilmədikdə, prosesə problemlər yaradır. Həmçinin donorların davamlı olmayan, bir-iki illik maliyyələşdirmə dövrləri QHT-lərin effektivliyini və peşəkar istedadı qorumaq qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.

Balanslaşdırılmış etnik, dini və ya siyasi qərəz olmadan işləyən QHT-lər həm dövlət (milli və yerli idarəetmə) həm də vətəndaş cəmiyyətinə (yerli QHT-lər, yerli əhali və s.) yaxınlaşmaq və aralarında əlaqə yaratmaq iqtidarında olurlar.

Vətəndaş cəmiyyəti hazırda münaqişələr, xüsusilə dövlətlər arası münaqişələrdə əsas rol oynayır. Buna getdikcə yüksək gərginlik dərəcəsi, sərhədlərarası, etno-dini ziddiyyətlərin olması və vəziyyətin inkişafına müxtəlif beynəlxalq qüvvələrin dolayı təsiri kimi xüsusiyyətlər ilə xarakterizə olunan qarşıdurmaların çevrilməsi dəlalət edir. Bir qayda olaraq, münaqişələrin öyrənilməsi həm milli, həm də beynəlxalq səviyyədə səlahiyyət və formal strukturların roluna yönəlmişdir. Buna görə həm şiddət, həm də sülhün yalnız səlahiyyətlilərin siyasi qərarları olduğuna inanılır. Bu qismən doğru olsa da, sikkənin digər tərəfinə, yəni münaqişələrin qeyri-hökumət komponentini də unutmamağımız lazımdır.

2021-ci ilin Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzun vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı hansı rol oynaya bilməsi barədə verdiyi suala aşağıdakı kimi cavab vermişdir:

“Prezident İlham Əliyev: Hesab edirəm ki, onlar mühüm rol oynaya bilərlər. Xüsusilə də mənim Ermənistanın siyasi seqmentindən gözləntilərim haqqında fikirlərimin fonunda. Burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanlar mövcuddur. Sizin də bununla bağlı bəlkə məlumatınız var – Ermənistanın vətəndaş cəmiyyətinin çox azsaylı nümayəndələri var ki, Azərbaycanla sülh barəsində danışsın. Belə fikir söyləyənlər isə ictimai təqiblərə, bəzən fiziki hücumlara məruz qalırlar. Onlara xəyanətkar deyilir və erməni siyasətçiləri onları türk adlandırırlar. Bu isə onların siyasi jarqon dilində yəqin ki, təhqir deməkdir. Yəni, siyasətçilər onlara hədə-qorxu gəlirlər. Biz, hətta münaqişə dövründə vətəndaş cəmiyyəti nümayəndələri arasında körpü yaratmağa cəhdlər etmişik. İki dəfə belə bir nümayəndə heyəti Ermənistanda və Qarabağda səfərdə oldu. Onlar da Bakıya səfər etdilər. Lakin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və parlament üzvlərinin ikinci səfərindən sonra erməni tərəfi bunu dayandırdı. Mən Ermənistanın o zamankı prezidenti Sarkisyandan soruşanda ki, bunu niyə dayandırdınız, cavab verə bilmədi. Sonra məlum oldu ki, onlar müəyyən yaxınlaşma, müəyyən əməkdaşlıq elementlərinin yarana biləcəyindən qorxdular. Yəni, onlar hər zaman buna mane olurdular. Ancaq indi onlar fərqli vəziyyətdədir. Biz mesajlarımızı Ermənistan cəmiyyətinə çatdırmaq iqtidarında olmalıyıq. Bu baxımdan resurslar məhduddur. Ermənistanda ictimai mühitə hökumət tərəfindən ciddi nəzarət edilir və dediyim kimi, Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır.”

Münaqişə sonrası cəmiyyətlərdə qadın təşkilatlarına ehtiyac

Qadınlar sülhün carçılarıdırlar. Münaqişə bölgələrində yaşayan qadınları bir çox səbəblər birləşdirir. Çox vaxt qadınlar müharibənin açı insanı nəticələrini aradan qaldırmaq üçün toplanır, və bunun üçün bir-birlərinə dəstək olurlar. Misal üçün müharibə travmalarının aradan qaldırılması üçün QHT əsas etibarilə yerlərdə qadınlar və uşaqlarla işləyirlər. Burada qadın təşkilatlarının koordonasiya rolu mühüm əhəmiyyət kəsb edə bilər. Ağrılı xatirələrini bölüşmək imkanı nifrət hissini azaltmağa və gələcək haqqında düşünməyə başlamağa kömək edə bilər.

Problemlərin və onların mümkün həll yollarının müzakirəsi qadınlara cəmiyyətdəki dəyişikliklərə dair təkliflərin təbliğinə hazırlaşmaq daha yaxşı nətcələr verə bilər. Bu halda artıq qadınlar nəinki mühabirənin zərərli nəticlərəinin aradan qaldırılması, eyni zamanda sülh qruruculuğu prosesində iştirak edə bilərlər. Təbii burada dərhal müdaxilədən yox, prosesin cəmiyyətin buna hazır oldğu təqdirdə, tədricən baş verməsindən gedir. Bir çox fərqli qadın təşkilatı var ki, hansılar ki, insan hüquqları məsələlərində əhəmiyyətli təcrübəyə və biliklərə sahibdirlər, digərləri isə hər şeydən əvvəl məcburi köçkünlərlə (qaçqınlar) işləməklə, və ya qaçqınların qayıtması ilə əlaqədar olaraq çoxşaxəli sosial vəzifələri yerinə yetirirlər. Barışığa nail olmaq üçün çalışan qadın təşkilatları da var. Bəzi təşkilatlar qadınlara qarşı fərqli şiddət formalarına qarşı mübarizə aparırlar. Fəaliyyət istiqamətindən asılı olmayaraq, bu təşkilatlar sülh prosesinin müxtəlif mərhələlərində böyük bir əhəmiyyətə malikdirlər.

Bu təşkilatlar dəstəyə və təşviqə ehtiyac duyurlar. Lakin bu o demək deyil ki, hər hansı münaqişə sonrası vəziyyətdə beynəlxalq təşkilatlar müdaxilə variantlarının nəzərdən keçirənədək onlar öz təşəbbüslərindən məhrum olmalıdırlar. Onlar milli və yerli səviyyədə dövlət və yerli özünüidarəetmə orqanları və ya biznes qurumları dəstək ola bilərlər.

Azərbaycanda azad edilmiş ərazilərin idarə olunmasında ictimai iştirakçılıq

Dövlət idarəçiliyinin düzgün təşkili münaqişədən sonrakı dövrdə ölkədə iqtisadi inkişafın sürətlənməsinə kömək edən ən vacib amil hesab edilə bilər. Son illərdə iqtisadi böyümə tempinə görə ölkəmiz ən sürətlə inkişaf edən ölkələrdən biri olmuşdur ki, bu da dünyanın əsas iqtisadi qurumları tərəfindən təsdiq edilmişdir. Azərbaycan İqtisadiyyatı Davosda Dünya İqtisadi Forumu tərəfindən hazırlanan qlobal rəqabətqabiliyyətlilik hesabatı sıralamasında 38-ci yeri tutdu.

Zamanın tələbinə uyğun olaraq və sürətli idarəetmənin dinamikasına baxımından  Azərbaycanda hüquqi, iqtisadi və maliyyə islahatları, bir sıra yeni ictimai strukturların yaradılması, Prezident Administrasiyası, hüquq mühafizə orqanları, ədliyyə sistemi və digər sahələr də daxil olmaqla bir çox dövlət idarəetmə orqanlarında icraçı və qərar qəbuledici vəzifələrdə gənc mütəxəssislərin və qərar qəbuletmə prosesində irəli çəkilmələri müşahidə olunur.

QHT-lər özünəməxsus işləmə üsullarına görə geri qayıtma prosesinin bir neçə aspektini birləşdirə bilmə qabiliyyətinə sahibdirlər. Çox sektorlu proqramlar hazırlayaraq və həyata keçirməklə, QHT-lər, təkcə layihələri bir sıra məsələləri əhatə etdiyi üçün deyil, həm vətəndaş cəmiyyəti, həm də hökumətləri cəlb edən iştirakçı yanaşmaları sayəsində geri qayıtma prosesi ilə əlaqəli bütün problemlərin öhdəsindən səmərəli şəkildə gələ bilərlər.

Vətəndaş cəmiyyəti təşkilatları, əsas etibarilə kadr potensialı çatışmazlığı (bacarıq və təcrübə baxımından) və məhdud maliyyə mənbələri ilə bağlı bir sıra problemlərlə qarşılaşırlar. Bəzi təşkilatların cəmiyyətlə və səlahiyyətli şəxslərlə təsirli qarşılıqlı əlaqə qurmaq üçün kifayət qədər bacarıq və imkanları yoxdur. Maliyyələşdirmə uğrunda sərt rəqabət onların ictimai nüfuzuna da xələl gətirə bilər. Bir çox ictimaiyyət nümayəndələri bu və ya digər dərəcədə haqlı olaraq QHT-lər qrantlar üçün mübarizə aparmaqda çox maraqlı olduqlarına və buna görə vətəndaşların problemlərinin daha aşağı səviyyədə yanaşdıqlarını təxmin edirlər. Hesab edirəm ki, hökumət yeni yaradılan Dövlət QHT-lərinə Dəstək Agentliyi vasitəsi ilə vətəndaş cəmiyyəti təşkilatlarını öz büdcəsindən daha fəal şəkildə maliyyələşdirməyə davam etsə və eyni zamanda yenilik axtararaq iş adamlarından investisiya cəlb etməyə çalışsa, bu problem həll edilə bilər. Vətəndaşların istəkləri qismən beynəlxalq təşkilatlarla tərəfdaşlığı gücləndirməklə yanaşı, vətəndaş cəmiyyəti üçün daha sıx koordinasiya və qərar qəbuletmə prosesində ictimaiyyətin iştirakı üçün bir platform yaratmaqla dəstəklənə bilər.

Prezident İlham Əliyev müsahibələrində Azərbaycan vətəndaşlarına müraciət edərək, bu bərpa və yenidənqurma prosesində ictimai nəzarətin mütləq şəkildə vacibliyini önə çəkmişdir. Aydın şəkildə bildirdi ki, ictimai nəzarətin olmadığı təqdirdə, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcəkdir.


Hesab edirəm ki, məhz bu səbəbdən ictimai nəzarət çox vacibdir. Şuşada bəzi məmurlar tərəfindən torpaqların gələcək zəbt etmə planlarından, düzgün ictimai nəzarət qoruya bilər.

Təbii ki, dövlət, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma istiqamətində bütün lazımı göstərişlərini verir, düzgün bildiyi addımları atır və onun rəhbərliyi ilə Qarabağın dirçəlişi prosesi planlı şəkildə həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə işlərin həyata keçirilməsində koordinasiya məsələlərinin həlli üçün İdarələrarası Əlaqələndirmə Mərkəzi yaradılmış, Qarabağ Dircəliş Fondu yaradılmış, işğaldan azad olunmuş ərazilərdə Xüsusi Nümayəndəlik institutu təsis edilmiş, nümunəvi Əsasnaməsi də təsdiq edilmiş və Şuşaya artıq Xüsusi Nümayəndə təyin edilmişdir. Prezident həmçinin 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioriteti təsdiq edərkən, prioritetlərdən biri kimi məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı göstərmişdir.

Qərar qəbuletmə prosesində şəffaflıq

Əgər biz məsələyə korrupsiya qarşı mübarizə, korrupsiya risklərinin önlənməsi və gələcəkdə mümkün neqativ halların qarşısının alınması prizmasından yanaşaq, oz zaman beynəlxalq təcrübədə Korrupsiyadan Azad Şəhərlər konsepsiyasına (Corruption-Free Cities) müraciət edə bilərik. Biz, gələcəkdə Şuşa səhərini məhz Korrupsiyadan Azad Şəhərlər konsepsiyasından istifadə edərək dirçəlməsinə birlikdə çalışmalıyıq.


Şəhərlər – dinamik dəyişən yenilik mərkəzləridir, resursların paylanması prosesi üzərində muxtariyyətə sahibdir, insanlara daha yaxındır və milli hökumətlər qarşısında əsas vasitəçi rolunu oynayır. Vətəndaşlara təməl xidmətlərin düzgün və ədalətli şəkildə verilməsi əsasən bu hökumətlərin məmurlarının peşəkarlığından və dürüstlüyündən və öz funksiyalarını şəffaf, həssas və hesabatlı şəkildə yerinə yetirə bilmələrindən asılıdır. Korrupsiya riskləri təməl xidmətlərə, davamlı şəhərlərə və yerli inkişafa təhlükə yaradır.


Korrupsiyadan Azad Şəhərlər konsepsiyası[xi] eyni zamanda, yerli səviyyədə qərarların birtərəfli qaydada yuxarıdan verilməsi qaydasında yox, məhz ictimai liderlərin, menecerlərin və mütəxəssislərin, eləcə də digər maraqlı tərəflərin, yaxından iştirakını təmin etməklə, rəyləri öyrənilməklə, korrupsiyanı doğura biləcək amillərin analizinə əsaslanan diaqnoz və həll yollarının tapılmasını nəzərdə tutur. Yeni texnologiyalardakı irəliləyişlər xidmətlərin yaxşılaşdırılması və yerli hökumət və icma səviyyəsində iştirakçılıq və tərəfdaşlığın təşviqi üçün mümkün problemlərin həlli istiqamətində yeni yollar açmağa imkan verir.


Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının 13-cü maddəsində ictimaiyyətin iştirakı məsələri tənzimlənir. Xatırladaq ki, Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmaqla, Konvensiya müddəalarını uğurlu şəkildə öz qanunvericiliyinə inkorporasiya etmişdir.


Konvensiyanın sözügedən 13-cü maddəsində göstərilir ki, hər bir İştirakçı Dövlət, dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətinin, qеyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım еtmək üçün, habеlə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xaraktеri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün, daxili qanunvеriciliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür.


Yuxarıdakı sadalan məqsədlərə nail olmaq üçün, burada Prezident İlham Əliyevin öncədən məmurlar arasında Şuşanın bərpası ilə bağlı hər hansı özbaşına addımların atılacağının qarşısının alması tam olaraq yerinə düşdü. Prezidentin bu addımlarına əlavə olaraq isə, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması prosesi zamanı vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi aşağıdakı şəkildə mümkünlüyünü etmək etmək olar:

  1. qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;
  2. əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habеlə dogma yurd yuvalarına qayıdacaq şəxslər də daxil olmaqla ictimai məlumatlandırmanın təşkili proqramlarının təşkil edilməsi;
  3. korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc еtdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və müdafiə еdilməsi.
  4. lazım gəldikdə, hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara vеrilməsi üçün imkan yaradılmalı və vətəndaşlar arasında təşviq edilməlidir.
  5. Yerli səviyyədə, şəffaflığı və hesabatlılığı təşviq etmək üçün ortaya çıxan bir sıra yenilikçi ictimai nəzarət metodlarından istifadə məqsədə uyğundur ki, bunların arasında aşağıdakıları qeyd etmək lazımdır:
  6. Yerli icra orqanlarında satınalma və ya xidmət təqdimetmə sistemlərindəki korrupsiya risklərini və imkanlarını azaltmaq üçün prosesləri maksimum sadələşdirərək, şəffaflıq və ən müasir xidmətləri göstəriıməsini inkişaf etdirməklə;
  7. Yerli icra orqanlarında daha dəqiq və ünvanlı ünsiyyət qurmağı və ictimai nəzarət fəaliyyətini təmin etmək üçün məlumatların dərc olunmasına və vizuallaşdırılmasına vətəndaş cəmiyyəti təsisatlarının köməyindən və məsləhtlərindən istifadə olunması;
  8. Vətəndaşlarla və yerli icra orqanları arasında ünsiyyət qurma metodlarını inkişaf etdirmək, habelə informasiya əldə etmək hüququnun təmini və vətəndaşlar üçün əhəmiyyətli olan xidmətləri və məsələləri yaxşılaşdırmaq üçün daha birbaşa və asanlıqla vətəndaşlarla fikir mübadiləsi etmək üçün İKT, açıq məlumatlar və yenilikçi vasitələrdən istifadə etmək;
  9. Vətəndaşların tələblərinə və şikayətlərinə cavab mexanizmlərini inkişaf etdirmək üçün daha effektiv mezanizmlərin tətbiq edilməsiməqsədilə vətəndaşlarla və vətəndaş cəmiyyəti təşkilatları ilə işin qurulması.
  10. Yeri gəlmişkən, bu sahədə ASAN xidmət təcrübəsi əsas götürülməli və qayıdış prosesisinin ilkin mərhələsindən başlayaraq mütləq qaydada qayıdış prosesi zamanı işğaldan azad olunmuş ərazilərdə ASAN xidmət mərkəzi yaradılmalıdır.

Müharibədən sonrakı dövrdə informasiya mübarizəsində QHT-lərin rolu

QHT-lərin münaqişədən sonrakı dövrdə əsasə vəzifələr fikrimcə, münaqişə bitəndan sonra yaranmış humanitar vəziyyət, Azərbaycan Ermənistan tərəfindən dəyən ziyan barədə yerli və xarici auditoriyanı məlumatlandırmaq, Azərbaycan həqiqətləri və xususilə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri barədə məlumatın müntəzəm çatdırılması və eləcə də müharibədən zərər çəkmiş insanlara humanitar, hüquqi, social və psixoloji dəstəyin göstərilməsi və s. tədbirlər aiddir. Birbaşa əhaliyə QHT-lər tərəfindən maddi və mənəvi dəstəyin göstərilməsi, bir sıra sosial xidmətlərin göstərilməsi və fərdi psixoloji problemlərin aradan qaldırılması işində və xususilə bu işin professional mütəxəssislər tərəfindən həyata keçirilməsinin koordinasiyası baxımından əhəmiyyətli tədbirlərdir.

QHT-lərin sırf informasiya fəaliyyətinə gəldikdə, müharibə nəticələrinin həm yerli, həm də beynəlxalq auditoriyaya belə demək mümkünsə “birinci əldən” çatdırılması baxımından QHT-ərin işğaldan azad edilən ərazilərə səfəri və səfər sonrası təəssüratlarıın bölüşməsi əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidentinin tapşırığına əsasən 2021-ci ilin 13 mart tarixində, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam şəhərində səfərdə olmuşlar. Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olmuş, Qarabağ xanlarının abidələr kompleksini, İmarət qəbiristanlığını, İmarət stadionunu, Ağdam şəhər Şəhidlər xiyabanını, Şahbulaq qalasını, Ağdam məscidini və digər yerləri ziyartə etmişlər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət etmişdir. QHT rəhbərlərinin bu cür səfərlərin digər işğaldan azad edilmiş ərazilərdə təşkil edilməsi müharibə nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli ola bilər.  

Bundan əlavə bir sıra kompleks yanaşma tələb edən informasiya-analitik fəaliyyətləri də QHT-lərin və araşdırma mərkəzlərinin əsas görəcəyi işlərdəndir. Misal olaraq aşağıdakıları qeyd etmək olar:

– Azərbaycanda fəaliyyət göstərən QHT-lər beynəlxalq təşkilatlar və xaricdə fəaliyyət göstərən partnyor təşkilatları vasitəsilə Azərbaycanın Qarabağ münaqişəsinin nəticələri və mövcud vəziyyət barədə təbliği sahəsində xüsusi fəallıq və həmrəyliyin təşviqi dəstəklənməlidir.
– Dünyanın aparıcı universitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Qarabağ haqda birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirilməlidir.
– Dünya KİV-lərində ermənilərin Azərbaycana qarşı yönələn fəaliyyəti öyrənilməli, eləcə də KİV-də çıxışlar edilməli, ya da həmin çıxışlara qarşı münasibət bildirməlidir.

– Dünyada tarixdən günümüzə kimi Qarabağla bağlı həqiqətlləri əks etdirməyən ermənilər və onlarə dəstəkləyən beynəlxalq və regional təşkilatların, eləcə də beynəlxalq və regional qurumlar, QHT, tədqiqat mərkəzləri və s. araşdırma aparan tədqiqatçıları öyrənməli, onlara elmi, tarixi, siyasi və hüquqi faktlara söykənərək cavablar verilməlidir.
– Xarici dillərdə tədqiqat aparanlara Qarabağla bağlı, azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı, milli dövlətçiliyimiz və tariximiz haqda yazılarının dərc edilməsində, yayılmasında dəstək edilməlidr.

– Ali təhsil müəssisələrində humanitar və ictimai elmlər sahəsində pedaqoji sahədə çalışanların elmi-pedoqoji dərs yükünə Azərbaycanın dünyada təbliğinə (Qarabağ, dövlətilik, tarix, soyqırım və s.) aid hissəsinə dərs saatların artırılması məqsədəuyğun olardı.


[i] “Mülki Şəxslər Hücum Altında” – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, Hesabat, Noyabr 2021.

http://laied.az/wp-content/uploads/2020/11/M%C3%BClki-%C5%9F%C9%99xsl%C9%99r-i%C5%9F%C4%9Fal-alt%C4%B1nda-HTA-hesabat.pdf

[ii] “Mülki Şəxslər Hücum Altında” – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, Hesabat, Noyabr 2021.

http://laied.az/wp-content/uploads/2020/11/M%C3%BClki-%C5%9F%C9%99xsl%C9%99r-i%C5%9F%C4%9Fal-alt%C4%B1nda-HTA-hesabat.pdf

[iii] Andrew Cunnigham: Post-konflikt Kontekst, Humanitar Aksiyalar Jurnalı, 11 sentyabr 2017.

https://jhumanitarianaction.springeropen.com/articles/10.1186/s41018-017-0022-3

[iv] Patrice MacMahon: Post konflikt sülhyaratma, İyun 2017

[v] Avropa İttifaqının saytı: https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_21_2462

[vi] Shusha Declaration: A balancing act, Dr. Mehmood Ul Hassan Khan, June 17th, Baku, Azertaj agency, https://azertag.az/en/xeber/Shusha_Declaration_A_balancing_act-1809893

[vii] UNSC 5264th session. Statement by the President of the UNSC. https://digitallibrary.un.org/record/556752?ln=en

[viii] Amnesty İnternational Report https://www.amnesty.org/en/latest/news/2020/10/armenia-azerbaijan-first-confirmed-use-of-cluster-munitions-by-armenia-cruel-and-reckless/

[ix] Compiation of reports on Karabakh war. http://cssn.gov.az/documents/Yerli%20v%C9%99%20xarici%20QHT-l%C9%99rin%20hesabatlar%C4%B1.pdf

[x] Post War Prospects for Nagorno-Karabakh, 9 June 2020, International Crisis Group, https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict/264-post-war-prospects-nagorno-karabakh

[xi] https://corruptionfreecities.org/