Azərbaycanda uşaq ədliyyəsi: BMT-nin Uşaq Hüquqları Komitəsi tövsiyələrini açıqladı

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən verilən məlumata əsasən, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanın 5 və 6-cı birləşdirilmiş dövri hesabatı ilə bağlı Yekun Müşahidələrini (Concluding observations) açıqlamışdır. Sənəddə Azərbaycanda Uşaq hüquqları Konvensiyasının icrası ilə əlaqədar bir sıra tövsiyələr verilmişdir. Tövsiyələr uşaq hüquqları ilə bağlı bir çox məsələləri əhatə etsə də, eyni zamanda Uşaq Ədliyyə Sisteminə aid bir sıra vacib məsələlərə toxunmuşdur:

Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq

Komitə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasını qeyd edərək, Azərbaycana QHT-lərə dəstəyi və onların rolunun tanınmasını artırmağı davam etməyi, QHT-lərin qeydiyyatı və maliyyə imkanlarına çıxışı daha da asanlaşdırmağı, uşaq hüquqları ilə bağlı qanunvericilik proseslərinə QHT-ləri və elmi dairələri sistematik şəkildə cəlb etməyi tövsiyə edir.

Uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi

(a) Hərtərəfli uşaq ədliyyə sisteminin yaradılması, uşaqlar üçün ixtisaslaşdırılmış hakimlərin, prokurorların və psixoloqların təyin edilməsi və onların xüsusi təlim keçmələrinin təmin edilməsi;

(b) Cinayət məsuliyyətinin minimum yaş həddinin müəyyən edilməsində cinayət/cəza yönümlü  yanaşma əvəzinə uşaq yönümlü yanaşmanın tətbiqi və 16 yaşadək istisnasız olaraq cinayət qanunvericiliyində uşaqların cinayət məsuliyyətə cəlb edilə bilməyəcəyinın müəyyən edilməsi;

(c) Lazımi prosessual hüquqlara riayət olunması və uşaqların istintaq zamanı və sonra ödənişsiz və keyfiyyətli hüquqi yardımdan faydalanmasının təmin edilməsi;

(d) Mümkün olduqda cinayət törətməkdə təqsirləndirilən uşaqlar üçün yönləndirmə, mediasiya və məsləhət kimi qeyri-məhkəmə tədbirlərinin təşviq edilməsi;

(e) Probasiya sisteminin gücləndirilməsi və ictimai işlər kimi azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların tətbiqinin genişləndirilməsi;

(f) Həbsdən son vasitə kimi və mümkün qədər qısa müddət ərzində istifadə olunması və onun uşaqlara münasibətdə ləğv olunması məqsədilə müntəzəm olaraq nəzərdən keçirilməsinin təmin edilməsi;

(g) Azadlıqdan məhrum etmə son tədbir kimi istifadə edildikdə, uşaqların böyüklərlə birlikdə saxlanmamasını, şəraitin və rəftarın Konvensiyaya və Birləşmiş Millətlər Təşkilatının Azadlıqdan Məhrum Olunmuş Yetkinlik yaşına çatmayanların Müdafiəsi Qaydalarına uyğun olmasını, o cümlədən təhsil, idman və sağlamlıq xidmətlərindən istifadənin təmin edilməsi;

(h) Cinayət məsuliyyəti yaşına çatmayan uşaqlar üçün sosial xidmətlərin hazırlanması və tətbiqi;

(i) Xüsusilə iqtisadi cəhətdən imkansız ailələrdən olan uşaqlar, küçədə yaşayan uşaqlar və valideyn himayəsindən məhrum olan uşaqlar arasında təkrar cinayətlərin qarşısını almaq məqsədi ilə icma əsaslı xidmətlər, ailəyə dəstək və reinteqrasiya xidmətlərinin daha da inkişaf etdirilməsi.

Cinayət qurbanları və şahidləri olan uşaqlar

BMT-nin Uşaq Hüquqları Komitəsi bir daha qeyd edir ki, iştirakçı Dövlət cinayətlərin qurbanı və şahidi olan uşaqlar üçün uşaqlara uyğun prosedurları təmin etməlidir ki, onlar təkrar dindirmələr nəticəsində baş verə biləcək reviktimizasiyadan qaçaraq, uşaqlar üçün uyğun müəssisələrdə təlimatlandırılmış mütəxəssisl tərəfindən təxirə salınmadan dindirilsin və Cinayət Qurbanları və Şahidləri olan Uşaqlarla bağlı Məsələlərdə Ədalət Mühakiməsi üzrə Təlimatları nəzərə alınmaqla müdafiə və xidmətlərlə təmin olunsunlar.

Xatırladaq ki, bu tövsiyələr, yanvar ayında BMT-nin Cenevrədə keçirilmiş 92-ci sessiyasında Azərbaycan hökümətinin və BMT Uşaq hüquqları Komitəsinin ekspertləri arasında aparılmış konstruktiv dialoq və müzakirələrinin nəticəsi olaraq verilmişdir. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli sessiyada müstəqil QHT təmsilçisi olaraq müşahidəçi qismində iştirak etmişdir.