Avropa dəyərləri…

Axı Avropa dəyərləri nədir? Bizdə bu dəyərlər varmı? Biz bu dəyərləri olduğu kimi başa düşürükmü? Bu dəyərlər bizə lazımdırmı? Avropa dəyərlərinin Hollovud filmlərindəki açıq-saçıq səhnələrdən fərqi nədir?

Bu suallar məni çox zaman düşündürür. İnanmıram bu yazıda da məni maraqlandıran bu məsələyə aydınlıq gətirə biləcəm. Amma hər halda başa düşdüyüm qədər izah etməyə çalışacam.

Fikrimcə Avropa dəyərələrini başa düşmək üçün ən azı Avropada yaşamaq lazımdır. Avroromantiklər mənimlə mübahisə edə bilər ki, Azərbaycan Avropadır. Bəli, siyası cəhətdən biz Avropayıq, çünki Avropanın siyasi institutlarında təmsil edilirik (məs, Avropa Şurası, ATƏT və s.). Lakin unutmayaq ki, biz coğrafi cəhətdən (məktəbdə coğrafiya fənnini yaxşı keçiblərsə, xatırlayın!) biz təbii ki Asiyayıq.

Mən hələ çox az müddətdir ki, Avropada təhsil alıram. Lakin Avropa dəyərləri barədə bəzi fikirlərim formalaşmışdır.

İlk növbədə hüquqşünas oldğumdan hüquq müstəvisindən başlayardım. Hüquqi müstəvidə Avropa dəyərləri kimi mən çox uzağa getmədən Avropa Birliyinə üzv olmaq və Avropa ailəsinə qovuşmaq istəyən ölkələr üçün qəbul edilmiş Kopenhagen kriteriyaları hesab edirəm. Yani ki, sırf mənim düşüncəmə görə Avropa dəyərləri məhz Avropalılar tərəfindən Avropa ailəsinə üzv olmaq istəyənlər üçün namizəd ölkələr tərəfindən riayət edilməsi vacib şərt kimi qoyulan dəyərlərdır. Bunlar isə hüquqi sənəddə bələ göstərilir:

– …”siyasi: demokratiyanı, qanunun aliliyini, insan hüquqları və azlıqları müdafiəsini qarantiya edən sistemin stabilliyi”…;
– …“iqtisadi; fəaliyyətdə olan azad bazar istiqadiyyatının mövcudluğu…

Bu öhdəlikləri üzərinə götürə bilənlər Avropa ailəsinə üzv ola bilərlər. Bu məsələnin hüquqi tərəfi.

Mənim daha çətin anladığım Avropa mənəvi dəyərlərinə gəldikdə isə hesab edirəm ki, əsas etibarilə Avropa dəyərlərı dürüstlük və yalan danışmamaq prinsipləri üzərində qurulur.

Məişət misallarına müraciət etsəm, fikrimi belə çatdıra bilərəm. Əgər Berlindən Hamburqa gedən qatar qatarların gediş cədvəlində nəzərdə tutulduğu kimi saat 10:25-də yola düşməlidirsə, buna sadəcə inanmaq lazımdır. Ola bilər ki, qatar bir az gec yola düşsün, və yaxud da ümumiyyətlə getməsin (mənim praktikamda olmayıb), amma bu gözlənilməz dəyişikliklər barədə bütün sərnişinlərin öncədən doğru-dürüst məlumatı olur.

Başqa misallar;
– Avropada heç kim şəhərin bir başından o birində başında onu gözləyən dostuna zəng vurub “2 dəqiqəyə çatıram” demir.
– Avropada mağazalarda, bazarlarda heç kim balasının canına and içib malların təzə olduğuna istehlakçıları inandırmır.
– Avropada heç kim bilmədiyi şeyi danışmır, əmin olmadığı nəyəsə qarantiya vermir, məsələn, demir ki, “100 faiz hər şey yaxşı olacaq”.
– Hətta Avropada heç bir valideyn öz uşağına “xortdanin” gələcəyinə təminat vermir.
– Avropalı adətən dediyi sözün üstündə durur, reallıqdan uzaq vədlər vermir.
– Avropalının əgər hansısa məsələdə şəxsi maraqları varsa, bunu heç vaxt gizlətmir və şəxsi maraqlarını kimlərəsə təmənnasız kömək və ya vətənpərvərlik kimi sırımır.

Bu hal-hazırda mənim anladığım dəyərlərdən bəziləridir. Bəlkə də, kimsə bunları heç dəyər hesab etməyə bilər. Təbii ki, daha onlarla dəyərlər və bu dəyərləri tərənnüm edən halları sadalamaq da mümkündür. Amma mən sadəcə bunları oxucuların nəzərinə çatdırmaq istədim. Məqsədim heç də bu dəyərlərin müsbət və ya mənfi cəhətləri barədə polemika aparmaq və kiminsə bu dəyərlərə layiq olub olmadığı barədə fikir yürütmək deyildir. Yuxarıda sadalananlar ümumi tendensiyadır, harda ki həmişə istisnalar ola bilər. Mənim bu yazımın məqsədi sadəcə Avropa dəyərləinin mənim anladığım səviyyədə sizinlə bölüşməkdir.

Ramil İskəndərli
İnsan Hüquqları və Humanitar Hüquq, Magistratura
Avropa Viadrina Universiteti, Hüquq fakültəsi