BMT Təhlükəsizlik Şurasında üzvlük 2012-2013-cü illər üçün Azərbaycana nə vəd edir?

BMT Təhlükəsizlik Şurasında üzvlük

 

Bildiyimiz kimi, Oktyabr ayının 24-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Təşlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü seçilmişdir. Bu hadisə həqiqətən də çox əlamətdar hadisədir. Beynəlxalq hüquq və xüsusilə humanitar hüquq sahəsində təhsil alan tələbələr və fəaliyyət göstərən mütəxəssislər BMT TŞ-də qeydi-daimi üzvlüyün nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşürlər.

Xatırladım ki, BMT-nin Nizamnaməsinin 23-cü maddəsinə əsasən BMT TŞ-ın 15 üzvü vardır ki, bunlardan da beşi daimi üzvlərdir (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin). 10 ölkə isə qeyri-daimi üzvlərdir.

Azərbaycanla bərabər 2012-ci ilin yanvar ayından etibarən daha 4 ölkə (Qvatemala, Mərakeş, Pakistan və Togo) üzv kimi öz fəaliyyətlərinin icrasına başlayacaqlar. Kolumbiya, Almaniya, Hindistan, Portuqaliya və Cənubi Afrika isə keçən il olduğu kimi bu il də öz üzvlük fəaliyyətinə davam edəcəklər.

 

BMT Təhlükəsizlik Şurasında qərar qəbuletmə prosesində iştırak və sədrlik

 

Daha bir qaydaya əsasən əlifba sırası ilə daimi və qeyri-daimi üzvlər hər biri 1 ay müddətində Təhlükəsizlik Şurasına rəhbərlik edəcəklər. Nəzərə alsaq ki ölkəmizin adı A hərfi ilə başlayır, bu o deməkdir ki, Azərbaycan çox tezliklə BMT TŞ-na 1 ay müddətində sədrlik edəcəkdir. BMT TŞ-ın sədr ölkəsi sədrlik etdiyi müddətdə BMT TŞ-ın fəaliyyət gündəliyini müəyyən edəcəkdir. Təbii ki, bu da çox vacib məsələdir. Ən azından Azərbaycan öz problemlərini, o cümlədən də Dağlıq Qarabağ münaqisə məsələsinin gündəliyə salınmasına təşəbbüs göstərə bilər, habelə Azərbaycanı narahat edən digər beynəlxalq məsələlər gündəmə salınmasına çalışa bilər, hər bir məsələ üzrə məqbul saydığı vaxt öz fikrini söyləyə bilər və mövqeyini daha effektiv sürətdə qoruya bilər.

Ümumilikdə isə BMT-in Nizamnaməsinə əsasən TŞ-in məqsədi qlobal səviyyədə sülh və təhlükəsizliyin bərqərar olunması və qorunmasıdır. Azərbaycan TŞ-na üzv olmaqla beynəlxalq gündəmdə olan məsələlər üzrə daha yaxından nəinki iştirak edəcək, həmçinin dünyada baş verən proseslər üzrə qərar qəbuletmə prosesinin aktiv iştirakçısına çevriləcəkdir.

Təbii ki, Azərbaycanın BMT TŞ-da üzvlüyü diplomatik üstünlüklər yaratmaqla yanaşı, həmçinin bir sıra siyası hüquq və öhdəliklər də yaradır.

 

Üzvlükdən bəhrələnmə perspektivləri

 

Üzv olaraq Azərbaycan Respublikasının əsas hüquq və öhdəliyi təbii ki, BMT TŞ-ın üzvü olaraq qlobal sülh və təhlükəsizlik məsələlərində aydın mövqe ortaya qoymaqdan ibarət olacaqdır. 2012—ci ildə mövcud beynəxlaq münasibətlərin get-gedə gərginləşməsi fonunda TŞ-da ağır müzakirələr dövrü olacağı gözlənilir. Bir sıra beynəlxalq və regional münaqişələr üzrə qərarların qəbul edilməsi məhz 2012-2013-cü illərdə gözlənildiyindən Azərbaycanın bu məsələlər üzrə TŞ-da səsvermələrdə həyata keçirəcəyi fəaliyyət maraq doğurur. Bir çox məsələlərdə Azərbaycan seçim qarşısında qalacaqdır. İndiyədək bir çoxlarının fikrincə uğurla həyata keçirilən “balanslı siyasət” artıq “konkret seçim” siyasəti ilə əvəz edilməli olacaqdır. Misal üçün, Yaxın Şərqdə baş verən məlum proseslər ətrafında Azərbaycanın ortaya qoyacağı mövqe də maraq döğurur. Təbii ki, ilk baxışda Azərbaycanın müsəlman ölkəsi olaraq Şərq dünyası ölkələrinin maraqlarını müdafiə edəcəyi şübhə doğurmaya bilər. Amma daha dərindən nəzər saldıqda, bu məsələdə heç də hər şey birmənalı olmayacaq. Yadımızdan çixarmamalıyıq ki, Azərbaycanın prosedur qaydalara əsasən qeyri-daimi üzvlüyə namizədliyi Şərqi Avropa regionundan verilmişdir. Azərbaycan 2012-ci ilin yanvar ayından etibarən BMT TŞ-də Avropanı təmsil edəcək. Bundan  başqa bildiyimiz kimi bir sıra konfliktli məsələlərdə heç də həmişə daimi üzvlər arasında fikir həmrəyliyi müşahidə olunmur. Adətən 5 daimi üzvdən 3-ü (ABŞ, Fransa və Böyük Britaniya) Qərb dünyasının, 2-si isə (Rusiya və Çin) buna hər vəchlə əleyhinə gedən ölkələrdir. Maraqlidir ki, növbəti müzakirələrdə və səsvermələrdə həmrəylik olmadığı təqdirdə Azərbaycan hansı tərəflərin yanında olacaqdır?

Təbii ki, hüquqi prosedurlara əsasən bitərəf qalmaq da olar, və buna görə heç kim hüquqi cəhətdən Azərbaycanı qınamayacaq. Amma siyası cəhətdən əgər Azərbaycan üzv seçilmə faktından əlavə, üzvlüyün verdiyi hüquqlardan aktiv istifadə, yəni beynəlxalq sülh və təhlükəsizlik məsələlərin aktiv iştirakçısı olmaq istəyirsə, onda konkret mövqe ortaya qoymağa ehtiyac yaranacaqdır. Əks təqdirdə passiv üzvlüyün beynəxlaq münasibətlərin inkışafına elə bir təsiri olmayacaqdır.

 

Avro-Atlantik inteqrasiya

 

Bu arada xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqaməti Avro-Atlantik inteqrasiyadır. Hesab edirəm ki, bu müddəa təkcə kağız üzərində qalmaq üçün yox, həm də əməli olaraq həyata kçeirilmək üçündür. Hər halda Azərbaycan Respublikasının Avropa İttifaqının Şərqi Tərəfdaşlıq programında aktiv iştirak etməsi, NATO ilə əməkdaşlıq, ABŞ, İsrail, Avropa İttifaqı və Şərqi Avropa ölkələri ilə əməkdaşlığı, həmçinin enerji ehtiyatlarının istismarı üzrə daha çox qərb ölkələri ilə əməkdaşlığa üstünlük verməsi, MDB məkanında çöxtərəfli yox, daha çox fərdi qaydada ikitərəfli əməkdalığa üstünlük verilməsi, MDB ölkələrinin bir çox razılaşdığı birgə təşəbbüslərində, yaradılan hərbi və qeyri-hərbi təsisatlarında və imzalanmış sənədlərində Azərbaycanın iştirak etməməsi, həqiqətən Avro-Atlantik inteqrasiyanın Azərbaycan üçün nəinki sənədlərdə, həmçinin gündəlik fəaliyyətdə də vacib olması açıq görünür.

Azərbaycanın Avro-Atlantik inteqrasiyasının tərəfdarı olaraq, hesab edirəm ki, 2012-2013-cü illər Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində öz layiqli yerinin tutması, Azərbaycanın haqlı mövqeyinin daha effektiv yollarla dünya birliyinə çatdırılması, Azərbaycanın illər uzunu öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tapılması, həmçinin Azərbaycanın müasirləşməsi və demikratikləşməsi, Avro-Atlantik məkana inteqrasiyasının daha da gücləndirilməsi, və ən nəhayət Azərbaycan çoğrafi cəhətdən şərq ölkəsi olması ilə bərabər, siyası cəhətdən qərb dünyasının bir hissəsi olduğunu beynəlxalq aləmdə həzm edə bilməyənlərə, həzm etditirlməsi ilə yadda qalacaqdır.

 

 

Ramil İskəndərli

İnsan Hüquqları və Humanitar Hüquq üzrə Magistratura tələbəsi

Viadrina Avropa Universiteti, Frankfurt Oder, Almaniya

“Çatham Haus” Kraliçanın Beynəlxalq Münasibətlər İnsitutunun (Böyük Britaniya) üzvü