HTA-nın növbəti tədbiri

DSC_0016

Avqust ayının 29-da, Beynəlxalq Mətbuat Mərkəzində, “Azərbaycanda mədəni müxtəliflik: Ana dilindən istifadə hüququ” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyi və Gürcüstanın Demokratiya və Vətəndaş İnteqrasiyası Mərkəzi ilə birgə keçirilən bu tədbirdə ümumlikdə 30-a qədər QHT nümayəndələri və ekspertlər iştirak etmişlər.

Tədbirdə Hüquqi Təhlil və Araşdırma İctimai Birliyinin sədri Ramil İskəndərli, icraçı direktoru Elmari Məmişov, Böyük Britaniya səfirliyinin nümayəndəsi Adrian Li, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov, Gürcüstanın Demokratiya və Vətəndaş İnteqrasiyası Mərkəzinin sədri Rimma Gelenava və bir sıra QHT nümayəndələri çıxış etmişlər. Çıxışlarda layihənin vacibliyi qeyd olunmuş və həmçinin Azərbaycanda milli azlıqların ana dilindən istifadəsi üçün dövlət tərərfindən şərait yaradıldığı qeyd olunmuşdur. Belə ki, Konstitusiyanın 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz». «Mədəniyyət» haqqında qanuna əsasən, dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. «Təhsil» haqqında və «Dövlət dili» haqqında qanuna əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər.

Tədbirin ikinci hissəsində Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin ana dili və dövlət dilindən istifadəsi vəziyyəti müzakirə olundu. Qeyd olundu ki, Hazırda respublikamızın 1205 şagird əhatə olunmaqla 6 məktəbində təlim yalnız gürcü dilində aparılır. Təlim Azərbaycan-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 146 şagird gürcü bölməsində,90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 məktəbində 2452 şagird gürcü dilində təhsil alır.

Daha sonra milli azlıqların hüquqlarının təminatının inkişaf etdirilməsi sahəsində, eləcə də layihə çərçivəsində görülə biləcək gələcək işlərlə bağlı konkret təkliflər verildi.  

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

Mətbuat Xidməti