Beynəlxalq donorlar dərsini götürməlidir

Azərbaycanda son dövrlər vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinin tənzimlənməsi sahəsində bir sıra addımlar atılıb. Azərbaycan dövlətinin maliyyə yardımı alan ölkədən donor ölkəyə çevrilməsi ölkədə vətəndaş cəmiyyətinin özünün də xarici maliyyədən asılılığının azalaraq, milli donorların dəstəyindən daha geniş istifadə imkanlarının artması ilə müşahidə olunur.

Ona görə də, qanunvericliyin inkişafı yerli və xarici QHT-lərin Azərbaycandakı fəaliyyətinin tənzimlənməsi baxımından çox vacib əhəmiyyət daşıyır. Eyni zamanda qanunvericiliyn dinamik inkişafı vətəndaş cəmiyyətinin bu dəyişikliklər barədə zamanında məlumatlandırılmasını labüd edir.

Hesab edirəm ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun “Azərbaycan” qəzetinə verdiyi müsahibə son dövrlər Azərbaycanda qeyri-hökümət təşkilatları sektorunda baş verən dəyişikliklərin əsas motivi və məramının ictimaiyyətə çatdırılması və bununla da şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq vətəndaş cəmiyyəti məlumatlandırılması baxımından çox vacib və vaxtında atılan bir addım kimi qiymətləndirmək lazımdır.

Yazıya əsasən son illər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan addımları bir neçə istiqamətdə qruplaşdırmaq olar:

1) Vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətində şəffaflığa nail olmaq üçün qanunvericilikdəki boşluqların aradan götülüməsi və qanunvericiliyin inkişaf etdirilməsi;

2) Xarici ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların fəaliyyətində şəffaflığın azlığı və qanunvericiliyin pozulması halları üzrə konkret faktlar;

3) Yerli QHT-lərin xarici maliyyədən asılılığının aradan götürülməsi;

4) Azərbaycanın donor ölkəyə çevrilməsi.

Yazıda maraqlı məqamlardan biri kimi QHT-lər üçün maksimum sadələşdirilmiş prosedurların tətbiqi perspektivləri, xüsusilə də fərdi elektron xidmətindən yararlanma izah edilmişdir ki, hansı ki gələcəkdə QHT-lərin dövlət orqanlarının göstərdiyi xidmətlərin maksimum rahat və əlçatan olacagı qeyd edilib.

Yazıda bir sıra strateji məsələlərə toxunulub. Misal üçün xarici ölkələrin maliyyə dəstəyinin heç də həmişə təyinatı üzrə xərclənməsi və Azərbaycanın milli maraqlarına uyğun olması haqlı olaraq şübhə altına alınıb. Yazıda bu barədə umumi fikirlərdən uzaq olaraq, konkret rəqəmlərlə misallar göstərilmiş və təşkilatların adları çəkilib.

Vətəndaş cəmiyyətinə dövlət dəstəyi ilə bağlı həm yerli QHT-lərə edilən maliyyə dəstəyi formaları və mənbələri barədə QHT-lər üçün maraqlı olacaq müfəssəl məlumat verilmiş, hətta xarici dövlətlərin və QHT-lərinin Azərbaycan dövlətinin maliyyə dəstəyindən yararlanmaq imkanları barədə, humanitar krizis vəziyyətlərində xarici dövlətlərə edilən yardımlar barədə hesabatlılıq baxımından vacib olan məlumatlar verilib.

Azərbaycan dövlətinin donor ölkəyə çevrilməsinin qanunauyğun olması və xarici təşkilatların buna diqqət yetirərərək daha çox ehtiyacı olan ölkələrə maliyyə yardımlarının yönəldilməsi istiqamətində dəyərli məsləhətlər verilib. Əminəm ki, bu məsləhətlərdən yararlanmaq xarici ölkələrin təşkilatlarının yalnız xeyrinə olacaq.

Şəxsi fikrimcə, xarici təşkilatların Azərbaycanda QHT-lərinə maliyyə dəstəyinin göstərmək istəyində bəzi yanlışlıqlar var. Əsas yanlışlıq xarici təşkilatlarin yaşadığımız regiona münasibətdə ümumi yanaşmanın həyata keçirməsidir.

Belə ki, bəzi hallarda görünür ki, misal olaraq Mərkəzi Avrasiya və Cənubi Qafqaz bölgələrinə edilən maliyyə dəstəyi zamanı differensial yanaşma əvəzinə, bir növ ümumiləşdirilmiş yanaşmadan istifadə edilir. Yanlış olaraq Azərbaycan dövlətinin istiqadi cəhətdən regionda lider ölkə olması və digər qonşu ölkələrdən iqtisadi potensial, əhalinin yaşayış səviyyəsi və digər faktorlara görə qat-qat fərqli olması ya bilərəkdən, ya da qeyri-peşəkarlıqdan haqsız olaraq nəzərə alınmır. Bu baxımdan, cənab Fuad Ələsgərovun Azərbaycanın donor ölkəsi kimi fəaliyyəti barədə gətirdiyi misallar beynəlxalq təşkilatlar üçün örnək olmalıdır və onlar Azərbaycanda fəaliyyət strategiyasını formalaşdırarkən sadalanan faktorları nəzərə almalıdırlar.

Ramil İskəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
Mənbə: Azvision.az saytı 19/11/14 (http://az.azvision.az/news.php?id=46088#.VLJOItKUfV8)