Türkiyədə majoritar demokratiya modeli və prezidentli idarəetmə üsulunun perspektivi – Ismayıl Kərimov

Ismayil

Dünən Türkiyyədəki mitinq bizə akademik cəhətdən çoxlu suallar yaradır və Türkiyənin siyasi iqtidarı ilə bağlı mühakimələrə və ya tərifinə yenidən nəzər yetirməyə vadar edir. Akademik cəhətdən, siyasət bilimi açısında çox əhəmiyyətli məsələlərin araşdırılmasına məcbur edir. Türkiyə seçicisi majoritar (çoğunluk) yoxsa konsensus (oydaşmacı) demokratiya modelini mi seçir? Bəzi dostlarımız deyir ki, Erdoğan və AKP demokrat deyil. Çox gözəl. Bəs digər partiyalar necə? Onlar daha çox demokratdır? Kim deyə bilər ki, CHP daha demokratdır? Mənim fikrimcə demokrat deyil. Dünyəviliyi müdafiə etmək hələ demokrat olmaq mənasına gəlmir. Misirdə Sisi iqtidarı da dünyəviliyi müdafiə edir. Amma orada demokratik rejim yoxdur. CHP-nin iqtidarda olduğu dövrlərdə də kifayət qədər demokratik prinsipləri pozulduğunu görmüşük. 1946 seçkilərini araşdırsanız bu nəticəyə gəlmək mümkündür. Mən, hələ başqa praktikaları demirəm. Bütün bunlar nədən olur. Bunun siyasət bilimində akademik əsaslandırması nədir? Nəzəriyyə onu deyir ki, klassik siyasi ideologiyalar (sosializm, kommunizm, mühafizəkarlıq, milliyətçilik) həmişə cəmiyyəti və fərdi dizayn etməyə yönəldiyi üçün o cəmiyyətin bütün sahələrini tənzimləməyə meyl edir. Əgər burada təbii ki, demokratik seçki yarışında hər hansı bir partiya qalib gəlirsə partiyanın seçicilərinin gözləntiləri də bu tənzimləməni daha da sürətləndirir. Türk seçicisində bu tendesiya daha güclüdür. Bu sadəcə AKP ilə bağlı deyil, CHP və MHP, HDP seçicisi üçün də etibarlıdır. Türk seçicisi ideoloji partiyalara daha çox inanırlar. Buna görə də Türkiyədə liberalizmi müdafiə edən partiyalar hər zaman marjinal bir qrup kimi qalır. Tələbə olduğum illərdə Türkiyədə bir Liberal-Demokrat Partiyası var idi. Sədri Besim Tübük idi. Ankarada Maltepe tərəfində mərkəzi qərargahları var idi. Böyük bir plakatla yazılmışdı ki, “Ankaranın değil, asabi bozukların partisiyiz.” Müəyyən mənada bu mesaj türk cəmiyyətinə qarşı da bir üsyan idi. Liberalizm cəmiyyəti dizayn edən bir ideologiya olmadığı üçün o Türk seçicisi tərəfindən rəğbət görmür. Bu ideologiya dövlətin və onun avtoritetinin sərhədlərini tənzimləyir. Bütün bunlardan belə nəticəyə gəlmək mümkündür ki, Türk seçicisi majoritar demokratiya modelinə daha çox üstünlük verirlər. Bu müşahidələr çox insanda belə bir nəticə yaradır ki, Türkiyə çox güman ki prezidentli idarəetmə üsuluna keçəcək. Bizim ölkədə isə hətta bəzi ictimai xadimlər, politologiyanın “p”-dən xəbəri olmayan, bir iki təlimlə politoloq olan, Türkiyədəki daxili proseslərin təhlillərini “Cumhuriyet”, “Milliyet” qəzetlərini oxumaqla rəy verənlər Türkiyə İslam Cumhuriyətinin qurulacağı proqnozlarını verirlər. Bəzi şəxslərdə isə bu yanaşma əks ideoloji dünyagörüşlə bağlı emosional yanaşmadan irəli gəlir. Majoritar demokratiya modeli müəyyən mənada prezidentli idarəetmə üsulunun tətbiqində ictimai dəstəyi gücləndirsə də digərlərindən fərqli olaraq mən Türkiyədə hüquqi baxımdan prezidentli idarəetmə üsuluna keçəcəyi ilə bağlı şübhələrim mövcuddur. Bu şübhələri yaradan əsas faktorlardan birisi Türkiyənin fərqli qütblərində dayanan çox partiyalı sistemidir. Türkiyədə başkanlık sisteminin tətbiqi müzakirələri hər zaman spekülativ xarakter daşıyıb. T.Özal prezident olduqdan sonra bu məsələ çox müzakirə olunmuşdu. Lakin bu cür interpretasiya siyasi dairələr tərəfindən Özalın öz mənfəətləri üçün düşünməsi kimi başa düşüldü. Eyni məsələ Erdoğanın interpretasiyası üçün etibarlıdır. Bu məsələdə də digər 3 siyasi partiya ciddi müqavimət göstərərək öz sadiq elektoratına prezidentli idarəetmə üsuluna müqavimət göstərməsini təlqin edəcək. Dünənki mitinqdən bəzi səhv nəticələr çıxardılır və hesab edilir ki, bu mitinq ölkəni prezidentli idarəetmə üsuluna bir qədər yaxınlaşdırır. Halbuki məsələnin motivi tamamı başqadır. Bu hərbi çevriliş məsələsində cəmiyyətin konsensus mənzərəsiydi. Yaranma səbəbi isə çox sadəydi. Çünki hərbi çevrilişlərdən bütün siyasi qüvvələr vaxtı ilə çox əziyyətlər çəkiblər. Ona görə də ümumi razılıq baş verdi. Oyun qaydaları, yəni demokratik rejimin qaydalarında o zaman ciddi konsensus baş verir ki, o qaydalar aradan qaldırıldıqda hamı əziyyət çəkir. Xatırlayirsiniza 1995-ci il seçkilərində Refah Partiyasi 21% səslə birinci partiya olanda N.Erbakanın çıxışlarında “xalq bizi seçib, siz kimsiniz” ritorikası da müəyyən qədər majoritar demokratiya anlayışından irəli gəlirdi. Lakin sıxışdırıldıqdan sonra onun davamçıları olan Fəzilət Partiyası və AKP-nın ritorikasında insan hüquqları və demokratiya ritorikaları prioritet oldu. Hamı anladı ki, bu məsələlər hamının maraqları üçün vacibdir. Prezidentli idarəetmə üsulunda da yaxın zamanlarda olmasa da daha uzun müddətdə bu qənaət formalaşacaq və Türk seçicisi anlayacaq ki, prezidentli idarəetmə üsulu siyasi sabitliyin təmini üçün effektiv bir vasitə deyil. Çox partiyalı parlamentlə prezident arasında fərqli fikirləri uzlaşdırmaq çox çətin olacaq və müəyyən mənada əməkdaşlıq pozulduqda sistemin işləyişində ciddi maniə yaranacaq və ya əksinə hər iki orqanda çoxluq eyni partiyada yaransa avtoritarizm meylliliyi artacaq. Siyasi sabitliyin əsas göstəricilərindən birisi fərqli siyasi partiyalar arasında ziddiyyətlərin azalması, ölkənin fundamental məsələlərindəki yanaşmalarda(iqtisadiyyat, təhsil, təhlükəsizlik, idarəetmə sistemi, hüquq sistemi və bənzəri) ziddiyətlərin aradan qaldırılması və uzlaşımı ilə mümkün olacaq.