“Azərbaycan həqiqətlərinin beynəlxalq hüquqi təbliği” mövzusunda dəyirmi masa keçirilmişdir – FOTOLAR

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi cari ilin Oktyabr ayının 20-də saat 11:00-dan 13:00-dək Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan həqiqətlərinin beynəlxalq hüquqi təbliği” mövzusunda dəyimi masa müzakirələri təşkil etmişdir.

Bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunmuşdur.

Görüşdə məqsəd İnternet resursları vasitəsilə Azərbaycanın haqlı beynəlxalq hüquqi mövqeyini xarici sosial media vasitəsilə səmərəli təbliği mexanizmləri barədə fikir mübadiləsi aparmaq olmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyası Şöbəsinin əməkdaşı Gülsel Səfərova, AzVision informasiya resursunun rəhbəri Vüsal Məmmədov qonaq qismində çıxış etmiş və müasir dövrdə Azərbaycan həqiqətlərinin internet resurslar vasitəsilə təbliği mexanizmlərinin mövcud vəziyyəti, mexanizmlərdən istifadə imkanlarının genişləndirilməsi, sistemləşdirilməsi və effektivliyinin artırılması istiqamətində öz fikirlərini bildirmiş və təkliflərini səsləndirmişlər.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin beynəlxalq hüquqi təbliği” layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər barədə prezentasiya ilə çıxış etmişdir.

Tədbirdə həmçinin hüquqşünaslar, QHT nümayəndələri və gənclər qurumlarının nümayəndələri aktiv olaraq müzakirələrdə iştirak etmişlər.