“Məhkəmə sisteminin modernləşdirilməsi istiqamətində fəaliyyətin qiymətləndirilməsi” hesabatı

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Məhkəmə sisteminin modernləşdirilməsi istiqamətində fəaliyyətin qiymətləndirilməsi” hesabatı çap edilib.

E-huquq.az-ın məlumatına görə, hesabat 2020-ci ilin aprel-iyun aylarını əhatə edir.

Hesabatda qeyd edilib ki, məhkəmə sistemində həyata keçirilən islahatlar 2019-cu ilin sonlarından etibarən yeni dinamika üzrə inkişaf etməkdədir. Bu dinamikanın inkişaf trayektoriyasına diqqət etsək son dövrlər ölkə miqyasında ixtisaslaşmış məhkəmələrin və mediasiya institutlarının formalaşması tendensiyası diqqət çəkməkdədir. Ümumiyyətlə, məhkəmə sisteminin modernləşdirilməsi Prezidentin əsas prioritetlərindən biri kimi qalmaqda davam edir.

Ümumi situasiyaya diqqət etdikdə rəyi öyrənilənlərin 37.6%-i bu istiqamətdə görülən işləri çox səmərəli, 30.5%-i isə əsasən səmərəli qiymətləndirib. Respondentlərin sadəcə 9.9%-i əks mövqedən fikir bildirsə də, 22.0%-i bu məsələ ilə bağlı mövqe bildirməkdə çətinlik çəkdiyini qeyd edib.

Regional aspektdən respondent rəylərinin dəyərləndirilməsinə diqqət etdikdə ən çox məmnuniyyət bildirən region kimi 73.9%-lik göstərici ilə Yuxarı-Qarabağ iqtisadi rayonu fərqləndiyi halda, ən çox məmnun olmayan respondentlərin isə 17.0%-lik göstərici ilə Quba-Xaçmaz iqtisadi rayonunu təmsil etdiyini görə bilərik.

Aparılmış ictimai rəy araşdırmalarının nəticələrinə əsasən qeyd edə bilərik ki, Prezidentə olan inam və etimadının artdığını bəyan edən respondentlərin 24.6%-i məhkəmə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatları məqbul hesab edir. Digər tərəfdən dövlət başçısına olan inam və etimadının azaldığını bəyan edən 2.6% respondentin də 14.6%-i sözügedən istiqamətdə həyata keçirilən tədbirlərə müsbət yanaşıb.

Daha bir strateji məqam ondan ibarətdir ki, məhkəmə sisteminin modernləşdirilməsi təşəbbüslərini çox səmərəli qiymətləndirən 37.6% respondentin 47.8%-i cari dövr üçün məhkəmələrə etibar etdiyini bildirdiyi halda, 28.7% respondent əsasən etibar etdiyini qeyd edib. Qeyd etmək istərdik ki, Sosial Tədqiqatlar Mərkəzinin əvvəlki sorğularında bu göstərici 49.0% civarında təsbit edilib. Prezidentin qətiyyətli məhkəmə islahatlarını çox səmərəli qiymətləndirən 37.6% respondentin 88.6%-i korrupsiya ilə mübarizə fonunda vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktlarını müsbət qiymətləndirib.

Sözügedən istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirləri çox səmərəli qiymətləndirən respondentlərin 55.7%-i Prezidentin yerlərdə baş verənlərlə bağlı tam məlumatlı olduğunu, 36.4%-i isə qismən məlumatlı olduğu bildirib. Məhkəmə sisteminin modernləşdirilməsi təşəbbüsləri ilə ciddi statistik əlaqənin mövcudluğu hüquq-mühafizə orqanları istiqamətində həyata keçirilən tədbirlərlə əlaqəli olduğu müəyyənləşdirilmişdir.