Azərbaycan QHT-lərinin ATƏT-in sədrinə müraciəti

ATƏT-in fəaliyyətdə olan sədri,
Albaniyanın baş naziri və xarici işlər naziri
Zati-aliləri, Edi Ramaya

Azərbaycan QHT-lərinin müraciəti

Biz, Azərbaycan QHT-ləri, Fransa Prezidenti Emmanuel Makronunun ATƏT-in həmsədri kimi saxta xəbərlərə əsaslanan və Ermənistanı dəstəkləyən ikiüzlü bəyanatını, eləcə də Türkiyənin Qarabağ münaqişəsinə qarışması ilə bağlı yanlış fikirlərini qınayırıq.

Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları onun Qarabağ münaqişəsindəki real vəziyyəti anlamadığını göstərir. Bu cür qərəzli bəyanatlardan sonra Fransanın ATƏT Qrupunun həmsədri olmasının məqsədəmüvafiqliyi bizi həqiqətən narahat edir.

Makronun hərbi əməliyyatların başlanğıcından bəri tutduğu mövqe və anti-Azərbaycan açıqlamaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkəyə həvalə edilmiş beynəlxalq mandata ziddir və neytral vasitəçi missiyasını pozur.

ATƏT-in mandatına uyğun vasitəçi olan bir ölkənin, tərəflərə münasibətdə tarazlığı nümayişkaranə şəkildə pozaraq, münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək vermək hüququ yoxdur.
Nəhayət, ATƏT-in fəaliyyətdə olan sədri olaraq, Emmanuel Makron tərəfindən ATƏT-in Minsk qrupunun qaydaları və mandatının pozulması ilə bağlı mövqeyinizi ifadə etmək və Fransanın həmsədrlikdən kənarlaşdırılması üçün tədbirlər görməyiniz üçün Sizə müraciət edirik.
Müraciət 367 QHT tərədindən qəbul edilmişdir