Ermənistan törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb olunacaq

Vüqar AĞAYEV, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini, vəzifəsini icra edən, ədliyyə müşaviri.(“Respublika” qəzeti, 18.11.2020)

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.

Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.

Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüz cinayətinə görə prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və bir sıra digər müvafiq maddələr üzrə cinayət işləri başlanmışdır.

Əminik ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunacaq. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanının qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidenti tərəfindən 6 noyabr 2020-ci il tarixdə Sərəncam imzalanmışdır.

Əlbəttə, Ermənistanın hərbi təcavüz cinayətinə son qoyulmasının yeganə hüquqauyğun forması yalnız özünümüdafiə hüququ əsasında mümkün idi və belə də oldu. Azərbaycan dövlətinin özünümüdafiə hüququ BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən yaranır. Həmin maddə təcavüzə məruz qalan dövlətə həm fərdi, həm də kollektiv özünümüdafiə hüququ verir. Ona görə də apardığımız mübarizə BMT Nizamnaməsinə müvafiq olaraq, Ermənistanın silahlı təcavüzünə qarşı fərdi özünümüdafiə hüququmuzun real təcəssümüdür və bu, tam mənada hüquqa və ədalətə uyğundur. Məhz bu hüququn həyata keçirilməsi nəticəsində Azərbaycan sülhə məcburetmə əməliyyatları ilə həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT-nin qətnamələrinin real təminatçısı oldu.

Ermənistan beynəlxalq hüququn əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinə məhəl qoymayaraq, mülki insanları hədəfə almaqla, xüsusilə uşaq hüquqlarını ciddi şəkildə pozmuş, nəticədə 11 uşaq həlak olmuş, bəzi uşaqlar hər iki valideynini itirmişdir. Həmçinin Ermənistan ordusundan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqlar da cəlb edilmiş və bununla da Ermənistan beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozmuşdur.

Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimiz hədəfə alınmaqla, qadağan olunmuş kasset və fosfor bombalarından istifadə edilmişdir. Hazırkı vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla qəddar və ağlasığmaz hərəkətlər kimi qiymətləndirilmişdir. Baş Prokurorluğun məlumatına görə, Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsi istintaq materialları ilə müəyyən olunmuşdur. Ermənistan həmçinin, beynəlxalq hüquq normalarını pozaraq, Suriya və Livandan Azərbaycan ərazilərinə qanunsuz köçürülən insanları silahlı muzdlular kimi də istifadə edir.

Ermənistan bu dövrdə həmçinin, insanlıq əleyhinə cinayətlər törətməklə, insan hüquqlarını kobud və kütləvi şəkildə pozmuşdur. Bərdədə baş verən cinayətlərin geniş əhatəliliyi və sistematikliyini nəzərə alsaq, bunu ilk növbədə insanlıq əleyhinə cinayətlər kimi tövsif etmək olar. İnsanlıq əleyhinə cinayətlər həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bərdədə 21 nəfərin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistematik adam öldürmə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinin 2(a) bəndinə görə, “adam öldürmə” – dövlətin və ya təşkilatın bu cür hücumun törədilməsinə yönəlmiş siyasətinin həyata keçirilməsi və ya bu cür siyasətə kömək məqsədilə hər hansı mülki şəxsə tətbiq olunan əməllərin çox sayda törədilməsi ilə əlaqədar davamlı hərəkətlərini özündə ehtiva edir.

Göründüyü kimi, bu əməllər Ermənistan dövləti tərəfindən onların təcavüzkar siyasətinin həyata keçirilməsi məqsədilə məhz mülki əhaliyə qarşı yönəlmiş və çoxlu sayda insanların öldürülməsi ilə sistematik olaraq törədilmişdir. Həmçinin, bundan əvvəl eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində törədilmişdir. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Bu hüquqazidd hərəkətlər Müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyasının 147-ci, beynəlxalq xarakterli silahlı münaqişələrə dair I Əlavə Protokolun 11-ci və 85-ci maddələrinin, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinin pozuntusudur. 8-ci maddənin 1-ci bəndində göstərilir ki, məhkəmə müharibə cinayətlərinə münasibətdə xüsusən, onlar plan, yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı törədilməsi zamanı yurisdiksiyaya malikdir. Azərbaycanda dinc əhali, uşaqlar və qadınlar qətlə yetirilməklə, sivil insanlar hədəf seçilir, yaşayış məskənləri, mülki obyektlər atəşə tutulur.

Düşmənin mülki əhalimizə qarşı törətdiyi qeyri-insani əməllərinin təzahürü olaraq döyüş meydanından xeyli aralıda yerləşən əhalinin sıx məskunlaşdığı Gəncə və Tərtər şəhərləri dəfələrlə bombalanaraq çoxsaylı dinc əhali qətlə yetirilmiş, mülki infrastruktura, o cümlədən rayon məhkəməsinin və penitensiar müəssisənin inzibati binalarına ziyan dəymişdir. Erməni cinayətləri nəticəsində həlak olanlar və xəsarət alanlar sırasında, həmçinin biri qadın olmaqla bələdiyyə sədrləri də olmuş, 3 bələdiyyə binasına ciddi ziyan dəymiş, bələdiyyələrin 30-dan çox üzvünün və qulluqçusunun əmlakına zərər vurulmuşdur.

Qeyd olunmalıdır ki, Ermənistan tərəfindən törədilən bu cinayətlər müntəzəm olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Azərbaycan Prezidentinin son dövrlər beynəlxalq mediaya verdiyi müsahibələrində və çıxışlarında bu tezislər hər zaman prioritet məsələ kimi önə çəkilmiş, diplomatik korpus nümayəndələri bu cinayətlərin törədildiyi zonalara mütəmadi baş çəkmişlər. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən bu cinayət faktları beynəlxalq məhkəmə instansiyalarına, o cümlədən Avropa Məhkəməsinə müvafiq məlumat təqdim edilmiş, Ermənistanın Konvensiya öhdəliklərinə əməl etməməsi, silahlı münaqişə başlayandan Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarca mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi bildirilmişdir.

Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında 29 oktyabr 2020-ci il tarixli Fərmanına əsasən həmin rayonlar üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmaqla yanaşı, Azərbaycanda olan bütün xalqların və dinlərin nümayəndələrinin dinc və birgə yaşaması, onlara məxsus abidələrin və ibadət yerlərinin dövlətimiz tərəfindən mühafizə edilməsi ilə bağlı konkret tədbirlər müəyyən edilmişdir.

Ermənistanın qeyd olunan transmilli cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən də davamlı fəaliyyət həyata keçirilmiş, xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNİCEF), Dünya Bankına, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə, Ümumdünya Səhiyyə Təşkilatına və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə), Beynəlxalq Antikorrupsiya Orqanları və Beynəlxalq Prokurorlar assosiasiyalarına, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna müraciətlər ünvanlanmış, Avropa Şurası üzv dövlətlərin ədliyyə nazirlərinin video-konfransında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, nəticədə uşaqlar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaşların həlak olması və yaralanması faktları diqqətə çatdırılmışdır.

Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumların bu məsələdə ədalət naminə prinsipiallıq göstərməli olduğu qeyd edilmişdir. Bununla yanaşı, ədliyyə işçiləri informasiya məkanında da fəal şəkildə iştirak edir. Nazirlik tərəfindən yaradılmış “Qarabağ Azərbaycandır!” elektron məlumat platformasının (http://www.justice.gov.az/categories/1148) Azərbaycan həqiqətlərinin təbliğində və geniş yayılmasında mühüm vasitə kimi olduqca faydalıdır.

Azərbaycan ədliyyəsi üçün bu zəfər tarixinin xüsusilə əlamətdar olan ən mühüm tərəfi bu möhtəşəm tarixi anların ədliyyə işçilərinin peşə bayramı ərəfəsinə təsadüf etməsidir. İkiqat təntənə və qələbə sevinci ilə qeyd olunan bayram münasibətilə ədliyyə orqanlarında tədbirlər keçirilir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığından bəhs olunur, torpaqlarımızın işğaldan azad edildiyi, “Qarabağ Azərbaycandır!” ifadəsinin bu tarixi gündə Qələbəmizin rəmzinə çevrildiyi vurğulanır. Bu gün Azərbaycanın hər bir vətəndaşı, o cümlədən biz, ədliyyə işçisi olaraq müzəffər Ali Baş Komandanımızla, qalib əsgərlərimizlə, öz qanı və canı bahasına ölkəmizə şərəf gətirən şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını ucalara qaldıran millətimizlə fəxarət hissi ilə qürur duyuruq.

Mənbə: “Respublika” qəzeti