Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov cari ilin birinci rübündə həyata keçirilən fəaliyyət barədə məlumat verib və ikinci rübdə görülməsi vacib hesab olunan fəaliyyətlər haqqında danışıb. Bildirilib ki, İctimai Şuranın 2021-ci ilin birinci yarım illiyinə dair təsdiq olunmuş fəaliyyət planına görə cari ilin aprel-iyun aylarında Bakı şəhərində əcnəbi miqrantlarla işləyən müəssisələrin, həmçinin yay fəslində ölkəyə təşkil ediləcək səfər turlarının planlaşdırması ilə məşğul olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi, bölgələrdə miqrasiya ilə bağlı monitorinqlərin aparılması və həmin bölgələrdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət göstərən struktur bölmələrinin işi ilə tanışlıq nəzərdə tutulub. Bundan başqa cari ilin iyun ayında İctimai Şuranın hazırkı tərkibdə iki illik fəaliyyətinə həsr olunacaq yekun tədbirin təşkil edilməsi planlaşdırılır. Bu səbəbdən iclasda həmin tədbirlərlə əlaqədar Şura üzvlərinin üzərilərinə düşəcək bir sıra öhdəliklər müəyyən olunub. Bununla yanaşı iclasda ölkə ərazisində yaşayan əcnəbilərlə əlaqədar İctimai Şuraya daxil olan müraciətlər nəzərdən keçirilib. Əsasən ölkə ərazisində müvəqqəti və daimi yaşamaq icazəsinin əldə olunması, həmçinin vətəndaşlıq almaq istəyən şəxslərə, təhsil alan əcnəbilərə, əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantlara hüquqi yardımların göstərilməsi ilə bağlı olan bu müraciətlər müzakirə olunduqdan sonra aidiyyəti üzrə istiqamətləndirilib. Müzakirə olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev cari ilin ikinci rübündə icrası nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində Dövlət Miqrasiya Xidməti tərəfindən zəruri təşkilati, o cümlədən texniki yardımların göstəriləcəyini əminliklə bildirib. Qeyd olunan bütün məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və onların icrasına dair vacib qərarlar qəbul olunub.