Yuvenal ədliyyə məsələləri ilə bağlı dəyirmi masa keçirilmişdir

Yuvenal ədliyyə məsələləri ilə bağlı dəyirmi masa keçirilmişdir

QHT Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağlı İllik Hesabat hazırlayacaq

2023-cü ilin Aprel ayından etibarən Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi üzrə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağllı İllik Hesabat” layihəsi həyata keçirilməkdədir.

Layihə çərçivəsində BMT-in Uşaq Hüquqları üzrə Komitəsinin Azərbaycanda yuvenal ədliyyə ilə bağlı tövsiyələrin müzakirəsi məqsədilə dəyirmi masa müzakirələri keçirilmişdir. Tədbirdə 20-dək əlaqədar dövlət qurumları, beynəlxalq təşkilat və yerli QHT-lərin nümayəndələri iştirak etmişlər.

Görüşdə cari ilin fevral ayında BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanın 5 və 6-cı birləşdirilmiş dövri hesabatı ilə bağlı açıqladığı Yekun Müşahidələrinin (Concluding observations) yuvenal ədliyyə hissəsinə aid olan aşağıdakı tövsiyələrin Azərbaycanda icrası perspektivləri müzakirə edilmişdir:

Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq

  • Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasını qeyd etməklə, QHT-lərə dəstəyin və onların rolunun artırılması
  • QHT-lərin qeydiyyatı və maliyyə imkanlarına çıxışı daha da asanlaşdırmağı, uşaq hüquqları ilə bağlı qanunvericilik proseslərinə QHT-ləri və elmi dairələrin sistematik şəkildə cəlb edilməsi.

Hərtərəfli uşaq ədliyyə sisteminin yaradılması, uşaqlar üçün ixtisaslaşdırılmış hakimlərin, prokurorların və psixoloqların təyin edilməsi və onların xüsusi təlim keçmələrinin təmin edilməsi;

–  Cinayət məsuliyyətinin minimum yaş həddinin müəyyən edilməsində cinayət/cəza yönümlü  yanaşma əvəzinə uşaq yönümlü yanaşmanın tətbiqi və 16 yaşadək istisnasız olaraq cinayət qanunvericiliyində uşaqların cinayət məsuliyyətinə cəlb edilə bilməyəcəyinın müəyyən edilməsi;

– Lazımi prosessual hüquqlara riayət olunması və uşaqların istintaq zamanı və sonra ödənişsiz və keyfiyyətli hüquqi yardımdan faydalanmasının təmin edilməsi;

– Mümkün olduqda cinayət törətməkdə təqsirləndirilən uşaqlar üçün yönləndirmə, mediasiya və məsləhət kimi qeyri-məhkəmə tədbirlərinin təşviq edilməsi;

– Probasiya sisteminin gücləndirilməsi və ictimai işlər kimi azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların tətbiqinin genişləndirilməsi;

– Həbsdən son vasitə kimi və mümkün qədər qısa müddət ərzində istifadə olunması və onun uşaqlara münasibətdə ləğv olunması məqsədilə müntəzəm olaraq nəzərdən keçirilməsinin təmin edilməsi;

– Azadlıqdan məhrum etmənin son qəti-imkan tədbiri kimi istifadə edildikdə, uşaqların böyüklərlə birlikdə saxlanmamasını, şəraitin və rəftarın Konvensiyaya və Birləşmiş Millətlər Təşkilatının Azadlıqdan Məhrum Olunmuş Yetkinlik yaşına çatmayanların Müdafiəsi Qaydalarına uyğun olmasını, o cümlədən təhsil, idman və sağlamlıq xidmətlərindən istifadənin təmin edilməsi;

– Cinayət məsuliyyəti yaşına çatmayan uşaqlar üçün sosial xidmətlərin hazırlanması və tətbiqi;

– Xüsusilə iqtisadi cəhətdən imkansız ailələrdən olan uşaqlar, küçədə yaşayan uşaqlar və valideyn himayəsindən məhrum olan uşaqlar arasında təkrar cinayətlərin qarşısını almaq məqsədi ilə icma əsaslı xidmətlər, ailəyə dəstək və reinteqrasiya xidmətlərinin daha da inkişaf etdirilməsi.

– Sığınacaq və miqrasiya statusu ilə bağlı uşaq yönümlü mexanizmlərin və vasitələrin işlənilib hazırlanması və müvafiq uşaqlara pulsuz hüquqi yardım və lazımi yardımı təmin etmək.

Qeyd olunmuşdur ki, cari ilin sonunda, layihənin yekunu olaraq, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağlı İllik Hesabat” hazırlanacaqdır.