İctimai nəzarətin gücləndirilməsi zəruridir

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər. (QHT Agentliyinin Rəsmi məlumatı)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi və bu məsələnin təşviqi ilə bağlı üzərimizə böyük məsuliyyət düşür. Korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir. Hər hansı təşkilat ictimai şurada təmsil olunmaqla ictimai nəzarəti həyata keçirə bilməz. Fərdi yanaşma olmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev söyləyib.

Qeyri-hökumət təşkilatlarının ölkədə korrupsiyaya qarşı mübarizədə həmişə fəal olduqlarını diqqətə çatdıran V. Quliyev bu fəallığın daha da artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, sıx və əlaqəli əməkdaşlıq korrupsiya ilə mübarizədə əsas şərtlərdəndir.

Agentliyinin Müşahidə Şurasının sədr müavini bu məsələdə QHT təmsilçilərinin təşəbbüs və təkliflərinin nəzərə alınacağını da bildirərək deyib: “QHT təmsilçilərinin təklifləri götür-qoy ediləcək və lazımi qərar veriləcək. Təkliflərin işlənib hazırlanması üçün işçi qrupun yaradılması da nəzərdə tutulur. Elə məsələlər var ki, onları hüquqi əsas olmadan həll etmək mümkün deyil”.

Vüsal Quliyev ictimai şuraların, QHT-lərin özlərinin də fəaliyyətində müəyyən problemlərin və çatışmazlıqların olduğunu qeyd edib.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvlərindən İsrayıl İsgəndərovun, Azər Allahverənovun, Zaur İbrahimovun, QHT təmsilçilərindən Əliməmməd Nuriyevin, Hafiz Həsənovun, Sevinc Əlizadənin, Məhəmməd Quluzadənin, Samir İsayevin, Cəsarət Hüseynzadənin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin hər zaman fəallıq nümayiş etdirdiyini bildiriblər, bundan sonra bu cür fəaliyyətlərin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər. Tədbirin sonunda QHT təmsilçiləri Qorxmaz İbrahimov, Telman İsa, Əhməd Abbasbəyli, Gəray Əlibəyov, Emin Həsənli, Rauf Zeyni, Ceyhun Musaoğlu, Aqil Camal, Elşad Məmmədli, Ramil İskəndərli, Mətanət Əsgərqızı, Şəlalə Həsənovanın iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib. (QHT Agentliyinin Rəsmi məlumatı)

Tədbirdə iştirak etmiş “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli dəyirmi masanın əhəmiyyəti barədə aşağıdakıları qeyd etmişdir:

“Ümumiyyətlə, bu görüş “brainstorming” (“beyin hücumu”) formatında təşkil edilmişdi ki, bu da formallıqdan uzaq olaraq, hər kəsin öz fikir və təkliflərinin səsləndirilməsinə şərait yaratdı. Əvvəlki təcrübədə olduğu kimi uzun-uzadı “mühazirələr” yox idi. Vətəndaş cəmiyyətinin İctimai nəzarət funksiyalarının təkmilləşdirilməsi istiqamətində müxtəlif institusional formatlar barədə bir sıra dəyərli təkliflər səsləndi. Qanunvericiliyin təkmilləşdirilməsi, yeni mexanizmlərin yaradılması, beynəlxalq təcrübə, mövcud ictimai iştirakçılıq mexanizmləri çərçivəsində QHT-lərin səlahiyyətləndirilməsi, monitorinq funksiyalarının artırılması, koordinasiya məsələləri ilə bağlı fikirlər səsləndi. Yanaşmalar həqiqətən də çox müxtəlif idi. Hesab edirəm ki, bu cür müzakirələrin müxtəlif formatlarda (işçi qrup, ekspert məsləhətləşmələri və s.) davam etməsinə ehtiyac vardır.” (HTA).